Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbirdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.
Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğatından bəhs edən videoçarx göstərilib.
Açılış mərasimində çıxış edən M. Məmmədov Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrossmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.
FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. A.Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.
Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.
Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq. Dünya Kuboku avqustun 30-da başa çatacaq.
Faiq Tahirov