Bakıda yaşıllıq ərazidə tikinti aparılır

Bakıda yaşıllıq ərazidə tikinti aparılır

Binəqədi rayonu, Mikayıl Əliyev 5A ünvanında yaşayan sakinlər yaşıllıq ərazidə aparılan tikintidən narazıdırlar.

Müstəqil.Az bildirir ki, b u barədə Oxu.Az-a sakinlər müraciət ünvanlayıblar.

Bildirilib ki, yaşayış binasının qarşısındakı ağacların təxminən 15-i artıq kimyəvi məhlul tökülərək qurudulub:

“Yaşıllığın kütləvi məhvini sakinlər müşayiət etsələr də, həmin anı videoya çəkə bilmədiklərini qeyd edirlər. Eyni zamanda, binanın qarşısındakı parkda bir neçə ay öncə beton tökülərək, aşağı hündürlükdə hörgü işləri aparılıb. Bir müddət öncə isə həmin əraziyə mobil ev quraşdırılıb və artıq bir sakin orada yaşamağa başlayıb. Həmin evin yerləşdirilməsi üçün ərazidəki bir neçə ağac kəsilərək məhv edilib”.

Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5a/15 saylı binanın qarşısında yerləşən vaqonda məskunlaşmış məcburi köçkün, vətəndaş Ülkər Abılova bina sakinlərinin ümumi istifadəsində olan yaşıllıq ərazisində tikinti aparmağa cəhd göstərib:

“Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Ü.Abılovanın tikinti cəhdinin qarşısı alınıb, tikinti prosesi dayandırılıb. Vətəndaşa xəbərdarlıq olunaraq qanunvericiliyin tələbləri izah edilib”.

İlhamə Əbülfət

 

Share: