Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.
Bir kiloqramdan artıq güclü təsir edən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.