Bir neçə ay əvvəl evlənən azərbaycanlı gənc İtaliyada faciəvi şəkildə öldü

Bir neçə ay əvvəl evlənən azərbaycanlı gənc İtaliyada faciəvi şəkildə öldü

Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almazov İtaliyada bədbəxt hadisə nəticəsində həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 28-də qeydə alınıb.

Belə ki, həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almazov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb.

Məlumata görə, cütlük qayıqla səyahət edərkən onların iti Baddinin oyuncağı suya düşüb. Sərkər sözügedən oyuncağı götürmək üçün suya tullanıb və qəfildən suda müvazinətini saxlamaqda çətinlik çəkib. O, kömək üçün qışqırmağa başlayıb. Bunun ardınca isə Helena həyat yoldaşına kömək etmək üçün suya atlayıb. O, Sərkəri sakitləşdirməyə və suyun üzərində tutmağa çalışıb. Lakin Sərkər həyəcanlanmağa və daha çox çırpınmağa başladıqda Helena onu nəfəs alması üçün suyun üzərində tutmaqda çətinlik çəkib.

Bildirilir ki, Sərkər suyun altına getdikdə son olaraq Helenanın ayağından tutub. Lakin Sərkər həyat yoldaşını da suyun altına çəkməmək üçün ayağını buraxıb və ardınca suyun dərinliklərinə gedib. Qadın isə bir müddət suyun üzərində qaldıqdan sonra başqa bir qayıq tərəfindən xilas olunub. S.Almazovun meyitinin hadisədən 5 gün sonra tapıldığı bildirilir.

Onun həyat yoldaşı Helena Sərkərin cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə toplayır. Belə ki, bu bahalı proseduru həyata keçirmək üçün ailənin maddi imkanları məhduddur və sığorta tərəfindən qarşılanmır. Hazırda S.Almasovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, S.Almasov Çexiyada “ZeroTurnaround” şirkətində çalışıb. O, bir neçə ay əvvəl Helena ilə ailə qurubmuş.

Share: