Bir söz yetər: “Makron”

Bir söz yetər: “Makron”

Qan Turalı yazır…

Almaniya prezidentlərinin adını çox adam bilməz. Misal üçün, indiki prezidentin adını da… Aralarında ən məşhuru və ən çox lağa qoyulanı Haynrix Lübkedir.

Almaniyanın ən məşhur “standup”çısı çıxışlarından birində belə bir anons vermişdi: “Lap axırda bir söz deyəcəyəm, hamınız gülməkdən öləcəksiniz”.

Şən keçən “standup”ın axırında aktyor vədinə əməl etmiş və dediyi bir sözdən sonra salonda qəhqəhə fırtınası qopmuşdu. O, sadəcə “Lübke” deyib, susmuşdu…

Ancaq Fransa prezidentlərinin adları məşhurdur: Mitteran, Şirak, Olland, Sarkozi… Lap əvvələ getsək, Puankare, Şarl de Qoll…

Bakıda – Neftçilər prospektində, “Qız qalası”na çatmamış kiçik bir lövhə qoyulub: “Fransa Müqavimət hərəkatının lideri – general Şarl de Qoll 1944-cü ilin noyabr və dekabr aylarında bu evdə yaşamışdır”.

Tarixçi baba və yazıçı nənənin soyundan gələn general De Qollun vətəni Fransanın alman işğalından xilas edilməsində misilsiz  rolu olub. Həmçinin müharibədən sonra yeni Fransanın quruculuğunda liderlik edib.

Müharibədən 21 il sonra – 1966-cı ildə SSRİ-yə Fransa prezidenti kimi səfər edən Şarl de Qoll cəbhə yoldaşı Əhmədiyyə Cəbrayılovu ziyarət edəcək qədər sadiq bir dost olub. O vaxta qədər  Fransada Armed Mişel adı ilə tanınan Əhmədiyyə Cəbrayılovla bağlı heç bir məlumat olmayıb. Amma De Qoll, daha doğrusu, general De Qoll ziyarəti ilə öz əsgərini unutmadığını nümayiş etdirib.

Şarl de Qollun prezidentliyi dövründə Əlcəzair xalqının azadlığı uğrunda mübarizəsi xüsusi əhəmiyyət kəsb edib. Belə ki, yazıçı Jan Pol Sartrın öndərlik etdiyi küçə hərəkatı hökuməti çıxılmaz vəziyyətə salıb. Sonda Əlcəzairə müstəqillik verilməsi ilə nəticələnən bu prosesin ən qızğın vaxtında iğtişaşların qarşısını almaq üçün Şarl de Qolldan Sartrın həbsi üçün icazə istənilib. De Qoll isə cavab olaraq, “Sartr Fransadır”, – deməklə həm inqilabçı yazıçının Fransa üçün əhəmiyyətini vurğulayıb.  Həm də ölkəsinin simvoluna çevriləcək bir filosofa verdiyi dəyərlə müstəsna bir siyasi lider olduğunu tarix hüzurunda təsdiqləyib.

Bu hadisənin ikinci bir variantı da nəql edilir. Bu varianta görə, Sartrın həbsi təklif edildikdə, De Qoll belə cavab verib: “Fransız xalqı volterləri həbs etmir”.

Hər iki variantda generalın siyasi lider kimi geniş vizionu diqqətə çatdırılıb.

Jurnalistlər Jan Pol Sartrın tənqidlərini xatırlatdıqda isə prezident belə cavab verib: “Mən deməzdim ki, Sartr bütün məsələlərdə mənimlə müxalifdir. Alman işğalı günlərində, milli müqavimət hərəkatı zamanında Sartr da eynən mənim kimi alman faşizminə qarşı mübarizə aparıb”.

Demək ki, Prezident Sartrın bu xidmətlərini unutmamışdı.

İkinci Dünya Müharibəsindən sonra dünyada ABŞ və SSRİ-nin hegemonluğu başladıqda, Fransa prezidenti Avropanın üçüncü güc kimi müstəqil mövcudluğu üçün böyük əmək sərf edib. O vaxtkı Avropa İqtisadi Birliyinin indiki Avropa Birliyinin təşəkkülündə, güclənməsində Şarl de Qollun xidmətləri əvəzsizdir.

Müharibədən sonra Almaniyanı ziyarət edən ilk Fransa prezidenti olan Şarl De Qoll xoşbəxt gələcək üçün Almaniya ilə ağrılı ortaq keçmişə süngər çəkməyi bacaran bir siyasətçi olub.

Şarl de Qollun cahan savaşının xarabaya çevirdiyi Avropa haqqında dediyi bu sözlər Avropanın bütün gələcək siyasi liderlər üçün bir şüar, bir məqsəd olub: “Bəli, Avropa! Atlantik okeanından Ural dağlarına qədər uzanan Avropa, Birləşmiş Avropa dünyanın taleyini təyin edəcəkdir!”

Və yazının sonunda həmin o alman “standup”çısı kimi bir söz deyirəm: “Makron”

Diqqətiniz üçün minnətdaram…

 

Share: