Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar və Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Bu gün həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrinin nəzdində yerləşən məktəblər), eləcə də tədris ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib. Çilov adasında yerləşən məktəbə isə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb.
İmtahanda 48065 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 2 nəfər isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Bundan əlavə, Şirvan şəhərində 1 nəfər kənar şəxs (11-ci sinif şagirdi) pəncərədən imtahan binalarının birinə daxil olmağa cəhd edib və bunun qarşısı alınıb. Bütün qeyd olunan hallarla bağlı araşdırma aparılır.
Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
09:40
Bu gün Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Mərkəzdən Oxu.Az-a bildirilib ki, imtahanda 48065 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-da başlanır.
İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).