Buludlarda mikroplastik tapıldı

Buludlarda mikroplastik tapıldı

Mikroplastik Yerin əksər ekosistemlərinə nüfuz edib: tədqiqatçılar onun diametri beş millimetrdən az olan fraqmentlərini planetin ən ucqar guşələrində, o cümlədən okeanın dibində tapırlar. Məsələn, balıqların orqanizmində, Arktikada dəniz buzları və Fransa ilə İspaniya arasındakı Pireney dağlarını örtən qarda mikroplastik aşkar ediblər.

İndi məlum olub ki, mikroplastik buludlara çatıb və onların əmələ gəlməsinə və bütün dünyada iqlimə təsir edə bilər.

Bu barədə Vaseda Universitetinin yapon alimləri “Environmental Chemistry Letters” jurnalında dərc olunmuş məqalədə yazıblar.

Tədqiqatçılar zirvələrini bürüyən buludlardan su toplamaq üçün Fudziyama və Oyama dağlarına qalxıblar. Nümunələr 1300 metrdən 3776 metrədək yüksəklikdə götürülüb. Birinci dağın zirvəsi sərbəst atmosfer adlanan yerdə, ikincinin zirvəsi isə atmosferin sərhəd qatında (daim yer səthində baş verən proseslərin təsirinə məruz qalan qaz qatının aşağı təbəqəsi) yerləşir.

Son zamanlar alimlər mikroplastiklərin insan orqanizminə, xüsusən də ürək-damar sisteminə, eləcə də xərçəngin inkişafına təsirini daha tez-tez tədqiq etməyə başlayıblar. Mikroplastiklə bağlı tədqiqatlara bu qədər diqqət yetirilməsinin səbəbi plastik hissəciklərin qanda, ürəkdə, ağciyərlərdə, həmçinin hamilə qadınların plasentasında (cift) aşkar olunmasıdır.

Mənbə: Naked Science

Share: