Çeçen nazir: Azərbaycanlı müğənninin konserti Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Azərbaycan əsilli rusiyalı müğənni Coninin (Jony-Cahid Hüseynli) Qroznıda keçiriləcək konsertinin əleyhdarlarına cavab verib.

APA-nın Rusiya bürosunun məlumatına görə, çeçen nazir sosial şəbəkələrdə azərbaycan əsilli müğənninin konsertinin əleyhinə təbliğat aparanları görüşə dəvət edib. O, müvafiq videomüraciəti Telegram kanalında yayımlayıb.

“Biz bütün internet qəhrəmanlarını sabah saat 13:00-da Daqun Omayev adına şadlıq evinin qarşısındakı meydanda gözləyirik”, – deyə Dudayev yazıb.

Dudayev çeçen dilində videomüraciətində qeyd edib ki, Coni konserti Çeçenistan Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb, müğənninin repertuarı, sözləri və görünüşü razılaşdırılıb.

“Respublikamıza bir çox tanınmış sima gəlir, bir gün əvvəl milliyyətcə azərbaycanlı, eyni zamanda müsəlman olan müğənni Coninin Qroznıda konsert verəcəyi xəbəri yayılmışdı. O, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində konsertləri ilə çıxış edir. Bununla belə, internetdə bəzi “yalançı imamlar” onun respublikamıza səfərinin böyük biabırçılıq olduğunu və buna imkan verilməyəcəyini yazır. İfaçı Coninin konserti Çeçenistanın Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb”, – deyə nazir əlavə edib.

 

Share: