David Çikvaidze: “Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı”

David Çikvaidze: “Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı”

“Müasir Azərbaycanın qurucusu Heydər Əliyev ölkəni postsovet məkanının bərbad və böhran vəziyyətindən müvəffəqiyyətlə çıxararaq, ən uğurla inkişaf edən ölkələrdən birinə çevirdi”.

Bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü David Çikvaidze “Trend” BİA və NGBM-in birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

“Qurucu” termini həmçinin Corc Vaşinqton, Bencamin Franklin, Tomas Cefferson, Con Adams, Aleksandr Hamilton kimi yaşayan, çiçəklənən və hər onillik keçdikcə inkişaf yolunda daha böyük irəliləyiş nümayiş etdirən bir ölkəni yaradan şəxslərlə assosiasiya olunur. Daha sonrakı dövrlərdə Mustafa Kamal Atatürk və Konrad Adenauer öz dövlətlərinin baniləri olublar. SSRİ-nin parçalanması ilə dünya arenasında on beş yeni ölkə meydana gəldi və onların hamısının qurucu liderə ehtiyacı var idi. Azərbaycan çox az ölkələrdən biridir ki, postsovet ölkəsinin əsl qurucu atası olduğunu sübut edə bildi”, – Çikvaidze deyib.

Onun sözlərinə görə, Heydər Əliyev dövlət qurucusu olaraq öz fəaliyyətinin və ölkəsinin gələcəyinin uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu idarəetmə ilə möhkəmlənməsinin qayğısına qalıb.

D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının müzakirəsi üçün səfər etdiyini xatırlayır.

“Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək yaranmış vəziyyətin Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, o adi bir siyasətçi deyil, müasir tarixin mühüm bir simasıdır. O mənim karyeram boyu tanıdığım ən güclü siyasi liderlərdən biri idi. Heydər Əliyev Qafqazda sülhün təminatını özünün əsas öhdəliyi hesab edir və heç vaxt bunu vurğulamaqdan yorulmurdu. “Sülhə nail olmaq asan olmayacaq, lakin sağlam düşüncə qalib gələcək. Qafqaz dinc olmalıdır, Qafqaz təhlükəsiz olmalıdır, Qafqaz sülh, xeyirxahlıq və mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq regionu olmalıdır”, – Heydər Əliyev 1996-cı ildə Gürcüstana dövlət səfərində bunu vurğulayıb”, – D.Çikvaidze əlavə edib.

D.Çikvaidzenin dediyi kimi, Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam edir.

“Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan enerji, siyasət sahələrində aparıcı dövlətə çevrilib, öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan dünya arenasında ciddi, inkişaf edən mühüm regional iştirakçı olmaqla bütün dünyada hörmətə malikdir. Azərbaycan həmçinin BMT-nin fəal və konstruktiv üzvüdür”, – o sonda deyib.

Share: