Bu il Azərbaycanda ilk dəfə futbol üzrə II Liqa yaradılıb. Sentyabrın 4-də startı veriləcək 2023/2024 mövsümündə 14 komanda mübarizə aparacaq.
Yarışda bir neçə bölgə komandası ilə yanaşı, paytaxt təmsilçisi “Dinamo” da çıxış edəcək. 1997-2004-cü illərdə fəaliyyət göstərən komandada həmin dönəmlərdə olduğu kimi, bu dəfə də hərbi xidmətə çağırılan futbolçuların heyətə cəlb edilməsi nəzərdə tutulub.
Eyni zamanda, II Liqa təmsilçisinin ev oyunlarını hansı meydanda keçirəcəyi də bəlli deyildi.
“Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “Report”a müsahibəsində bütün suallara aydınlıq gətirib.
– “Dinamo”nun stadion problemi həllini tapıb? Ev oyunlarınızı harada keçirəcəksiniz?
– Bəli, problem yoluna qoyulub. Fövqəladə Hallar Nazirliyi ilə razılığa gəlmişik. Rəqiblərimizi onların Hövsandakı stadionunda qəbul edəcəyik.
– Komanda tam olaraq Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək?
– Komandanın rəhbəri mənəm, amma işləri nazirliklə birlikdə yürüdəcəyik.
– “Dinamo”nun heyəti əsgərlik yaşına çatan futbolçulardan ibarət olacaq?
– Yadınıza gəlirsə, hələ 1997-ci ildə “Dinamo” klubunu yaratmışdıq. Həmin vaxt əsas, gənclər və aşağı yaş qrupları üzrə yığmaların üzvləri əsgərliyə getdikdən sonra futboldan uzaqlaşırdılar. Bunun qarşısını almaq üçün belə bir addım atmışdıq. Həmin “Dinamo”da Fərrux İsmayılov, Emin Quliyev, Ceyhun Sultanov, Zahir Əsgərov, Rafael Əmirbəyov, İlyas Qurbanov kimi yüzlərlə futbolçu çıxış edib. Onlar əsgərliklərini Daxili Qoşunların idman bölməsində keçirməklə yanaşı, “Dinamo”ya ezam olunurdular. Bu proses 2004-cü ilə qədər davam etdi. “Dinamo” “Bakı”ya çevriləndə təsisçi də dəyişdi. İndi isə bu məsələ yenidən gündəmə gəlib. Aşağı yaş qrupları üzrə yığmalara çağırılan futbolçular hərbi xidmətlə bağlı ciddi problem yaşayırlar. Əvvəlki “Dinamo” bu məsələlərə necə yanaşırdısa, işlər yenə eyni formada qurulacaq. Bu istiqamətdə işlər davam etdirilir.
– AFFA ilə bununla bağlı müzakirələr olub?
– Əlbəttə, bütün işlər AFFA-nın razılığı ilə görüləcək. Söhbət millilərə cəlb olunan və klublarımızda çıxış edən futbolçulardan gedir. AFFA-nın baş katibi Sərxan Hacıyev bu məsələdə bizə böyük dəstək verir. İnanıram ki, yaxın vaxtlarda bununla bağlı konkret addımlar atılacaq.
– Hərbi xidmətə çağırılan futbolçuların “Dinamo”ya cəlb olunması prosesinə nə vaxtdan başlayacaqsınız?
– Gənclər millimizdə, U-19-da çıxış edən futbolçuların əsgərliklə bağlı problemlərindən xəbərdarıq. İstər AFFA, istərsə də Premyer Liqa klublarının rəhbərləri və baş məşqçilər bunları bilirlər. Hərbi xidmətə növbəti çağırış iki aydan sonra olacaq. Həmin vaxt bu məsələlərə baxılacaq.
– Yəqin ki, komandanın qarşısına hədəf qoyulacaq. “Dinamo”nu gələcəkdə yenidən yüksək liqada görə bilərik?
– General olmaq istəməyən əsgərdən yaxşı əsgər çıxmaz. Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır. Düzdür, indiki məqamda çətindir. Amma zamanla buna çalışacağıq. Həm də perspektivli gənclərə özlərini göstərmək üçün bu liqa bir şansdır. Xəyallarımızda çox şeylər var. Ancaq hər şey reallıqla uzlaşmalıdır.