Dostunu avtomobildə qətlə yetirib, meyitini başqa əraziyə atdı

Dostunu avtomobildə qətlə yetirib, meyitini başqa əraziyə atdı

2021-ci il iyunun 20-i saat 18 radələrində paytaxtın 6-cı mikrorayon ərazisində naməlum kişi meyiti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Zeynal Zeynalov iyunun 17-də idarə etdiyi avtomobildə tanışları Ramil Oruclu, Səttar Mehtiyev və Mikayıl Rzayevlə birlikdə hərəkətdə olduğu zaman R.Oruclu narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirib.

Z.Zeynalov üzərində cəmi 7 manat olduğunu söylədikdə aralarında mübahisə yaranıb. Ünvanına söyüş söydüyü üçün o, tanışının öldürmək qərarına gəlib. Maşını saxlayaraq, salonun saxlanc yerindən götürdüyü bıçaqla Ramil Orucluya 2 dəfə zərbə vurub. Səttar Mehdiyev və Mikayıl Rzayev avtomobildən düşəndən sonra o, avtomobili başqa əraziyə sürüb. Orada Ramil Oruclunun meyitini otluq sahəyə atıb, hadisə yerindən uzaqlaşıb.

İş üzrə dindirilmiş Zeynal Zeynalov bildirib ki, 15 ildir taksi fəaliyyəti ilə məşğul olur. Ramil Oruclunu təxminən 20 ildir tanıyır, dostluq ediblər. 2021-ci il iyunun 17-də günorta müştərisi Səttar Mehtiyev zəng edərək Xocəsən qəsəbəsinə getmək istədiyini bildirib. Onunla “Moskva” univermağının yanında görüşüb. Bu zaman parkda olan Ramil Oruclu və Mikayıl Rzayev yaxınlaşıblar. Ramil avtomobilin qapısına söykənərək Səttarla narkotik vasitə necə əldə edə biləcəkləri barədə məsləhətləşib. Daha sonra onlar avtomobilə oturublar. Maşında Səttar Zeynalın yanında, arxa oturacaqda Mikayılla Ramil əyləşiblər. Hərəkətdə olarkən dostu ona narkotik vasitə almaq üçün pul istəyib. O, üzərində olan 7 manatdan 4 manatı verə biləcəyini deyəndə Ramil həmişə narkotik üçün pul yığılanda onun belə etdiyini bildirib. Yol boyu dayanmadan ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Hadisə baş verən yerə gələnə kimi, avtomobili 3 dəfə yolun kənarında saxlayıb dostundan maşından düşməsini tələb edib. Lakin Ramil söyüş söyməkdən əlavə, arxadan Zeynalın başına bir dəfə yumruqla zərbə vurub. Əsəbiləşib, maşından bıçağı götürüb, söyüş söyməyi dayandırmasa, onu vuracağını bildirib. Lakin Ramil ağır təhqiramiz ifadə işlədib. Bundan sonra hadisə baş verib. Səttarla Mikayıl ona dərhal Ramili xəstəxanaya aparmasını bildiriblər. Dostunun boğazına əski parçası sıxaraq, qanın qarşısını almağa çalışıb. Səttar və Mikayıl avtomobildən çıxıb. Maşını 6-cı mikrorayona sürüb. Yolda Ramil huşunu itirib və bir az keçmədən artıq onun öldüyünü görüb. Özündən asılı olmayaraq Ramilin meyitini avtomobildən çıxarıb, otluq sahəyə atıb və oradan uzaqlaşıb.

Məhkəmə iclasında Zeynal Zeynalov elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Zeynalov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Share: