2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib.
Vergiler.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib.
Bildirilib ki, AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən artıq məhsul üzrə 12000-dən çox sınaq aparılıb.
Keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlara diqqət çəkən xidmət rəisi Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması istiqamətində işlərə başlanıldığını qeyd edib.
“2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditasiya olunub, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. İl ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikatlar verilib”, – deyə M.Abbasbəyli əlavə edib.
Daha çox foto: PhotoStock.az