Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə SOCAR-ın Baş ofisinin, strukturuna daxil olan qurumların, neft-qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin – ümumilikdə 20-dək müəssisədən 50-dək nümayəndə, habelə ekoloqlar və jurnalistlər iştirak edib.
Görüşdə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, geniş sahələrdə yaşıllıqlar salınması, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görür, ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin – havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması, tullantı suların təmizlənməsi, çirklənmiş torpaqların rekultivasiya edilməsi işlərini xüsusi diqqət mərkəzində saxlayır.
Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli prosesində əmələ gələn tullantıların müvəqqəti saxlanılması və utilizasiyası sahəsində müəyyən problemlər qalmaqdadır. Belə ki, hələ də torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması hallarına yol verilir. Odur ki, karbohidrogen resurslarının hasilatı ilə məşğul olan müəssisələrdə yanaşmanın dəyişməsinə, ekoloji normativlər əsasında müvafiq təkmilləşdirilmə tədbirlərinə ehtiyac vardır.
SOCAR-ın Baş ofisinin, strukturuna daxil olan qurumların, birgə müəssisələrinin və neft-qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin nümayəndələri təşkil olunan görüşə, səmimi fikir mübadiləsi üçün yaradılan şəraitə görə təşəkkür edərək müvafiq ekoloji problemlərin aradan qaldırılması sahəsində səylərini bundan sonra da artıracaqlarını, bu sahədə ETSN-nin rəy və dəstəyinə ehtiyac olduğunu bildiriblər.
Qarşılıqlı dialoq şəraitində keçən tədbirdə mövzu üzrə birgə çıxış yolları müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.
ETSN əməkdaşları və neft-qaz sahəsində çalışan müəssisələrin nümayəndələri tərəfindən belə görüşlərin zəruriliyi yüksək qiymətləndirilərək, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi naminə gələcəkdə müzakirələrin sözügedən müəssisələrdə davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.