Fermerdən ucuz alınan məhsul marketdə niyə üç-dörd dəfə bahadır?

Fermerdən ucuz alınan məhsul marketdə niyə üç-dörd dəfə bahadır?

Sosial şəbəkələrdə yerli istehsal olan kənd təsərrüfatı məhsullarının böyük marketlərdə baha qiymətə satıldığını əks etdirən fotolar paylaşılır. Ən çox müzakirələrə səbəb olan isə “Şəmkir kartofu” adı ilə satılan məhsulun qiymətinin 4 manata olmasıdır. İstifadəçilərin bir qismi kartofun rayonlarda fermerlərdən dəfələrlə ucuz qiymətə alınıb, Bakıda baha satılmasından şikayət etdiyi halda, digər bir qisim məhsulun, ümumiyyətlə, yerli istehsal olmadığını, xaricdən idxal edilən malların yerli məhsul adı ilə satıldığını iddia ediblər.

Bütün hallarda, kənd təsərrüfatı məhsullarının fermerlərdən ucuz alınmasının onları ruhdan saldığı, kənd təsərrüfatının inkişafına mane olduğu qeyd edilir.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli isə fermerlərin satış prosesinə qoşulmasının düzgün olmadığını qeyd edir. Onun sözlərinə görə, fermer istehsalla, tədarükçü və təchizatçı şirkət məhsulun fermerdən alınıb, bazara çıxarılması ilə, marketlər və mağazalar isə satışla məşğul olarsa, düzgün sistem sayıla bilər:

“Fermerlərin istehsal etdiyi, tarlalarda olan məhsullarla satış üçün rəflərə qoyulan məhsullar arasındakı ciddi fərq həmişə müzakirə mövzusudur. Dünyanın çox ölkələrində elə qonşu Türkiyədə də illərdir bu problem var və tam həllini kimsə tapa bilmir. Hazırda bizdə fermerlərdən məhsulun alınması, bazara çıxarılması işi ilə məşğul olan qurum Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətidir. Bu qurum məhsulları fermerdən alır, bazardakı strukturlara təqdim edir. Hətta strukturların bir-biri arasında alğı-satqı həyata keçirməsinə dəstək verən ticarət sisteminin yaradılması haqqında da qərar var idi. Amma yüzlərlə təchizatçı şirkət var ki, malı fermerdən alıb, gətirib burada satır.

Uzun illərdir, müzakirə etdiyimiz məsələ isə fermerlərin özünün satış həyata keçirməsi üçün şərait yaradılıb-yaradılmamasıdır. Düşünürəm ki, bu doğru yanaşma deyil. İstehsaldan istehlaka gedən yolda həm istehsalçı, həm də tədarük şirkəti olmalıdır. Fermer istehsalçı öz işinin üzərində durub, istehsalla məşğul olmalıdır. Bunun satışını və daşımasını təmin edəcək təchizat şirkətləri də olmalıdır. Biz bunu qəbul etməli və dəstəkləməliyik. Fermer öz işi ilə, təchizatçı öz işi ilə məşğul olmalıdır. Sadəcə bazarda satış nöqtələrinə giriş-çıxış imkanlarının genişləndirilməsi, rəqabət şərtlərinin yaxşılaşdırılması, təchizat şirkətlərinin sayının artması fonunda rəqabət yaranarsa, bazarda qiymətlərin daha münasib tənzimlənməsinə gətirib çıxara bilər. Dolayısı ilə yaranan bir çox təchizat şirkətlərinin bazarlara çıxışı, onların rahat şəkildə mal gətirib satmaları həyata keçirilsə, mal və ərzağın standartlara uyğun yerlərdə saxlanması və satılmasının həyata keçirilməsi mümkündür. Problemin həlli o qədər də asan görünməyə bilər. Amma mənə elə gəlir ki, mümkün variantlar işlənməlidir”.

Aysel Aslan 

Share: