FHN-in karate komandasının idmançıları uğur qazanıblar

FHN-in karate komandasının idmançıları uğur qazanıblar

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Karate Federasiyaları Assosiyasiyasının, Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Grand Winner” karate üzrə turnir keçirilib.

FHN-dən verilən məlumata görə, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 56 komanda olmaqla 1 250-yə yaxın idmançı mübarizə aparıb.

Yarışda 98 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandasının idmançıları məşqçi müəllimlər Coşqun Sadıqov, Akif Kərimov və Rafael Məmmədovun rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq, yeniyetmə və gənclərdən ibarət idmançıları 20 qızıl, 19 gümüş və 17 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla məşq zamanı görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

 

Share: