Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran-prisi 2023” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşallarının bacarıq və təcrübələrinin artırılması məqsədilə 25 mart 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Baş əməliyyat idarəsi tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.
Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Bu ilin mart ayının 11-dən başlayan təlimlər artıq 3-cü dəfədir ki, keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 200 nəfərə yaxın marşalın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran-prisi 2023” bu ilin 28-30 aprel tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1471 marşalın iştirakı nəzərdə tutulub.