Fransada Azərbaycana qarşı qətnamə layihəsinə etiraz petisiyasına səs verənlərin sayı 100 mini keçdi

Fransada Azərbaycana qarşı qətnamə layihəsinə etiraz petisiyasına səs verənlərin sayı 100 mini keçdi

Fransa Senatında bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair qətnamə layihəsinə etiraz petisiyasında toplanan imzaların sayı artıq 106 mini keçib.

Bu barədə Fransanın mesopinions.com petisiya saytında qeyd olunub. 

Qeyd edək ki, Fransa Senatında müvafiq qətnamə ilə bağlı səsvermə noyabrın 15-də keçiriləcək. Qətnamə müəllifləri Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüblər, ölkəmizi təcavüz aktlarında, kütləvi hərbi cinayətlərdə və irqçilikdə ittiham ediblər.

Bununla əlaqədar olaraq Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Fransa Senatına və xalqına müraciət ünvanlayıb. Müəlliflər qətnamə layihəsinin Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim etdiyini vurğulayıblar. Müraciətdə deyilir ki, bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiyaya məruz qoymaq, kəskin şəkildə qınamaq etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir.

Share: