Gəncə sakini: “Ermənistanın törətdiyi terror hadisəsindən sonra şəkər xəstəliyinə tutulmuşam”

Gəncə sakini: “Ermənistanın törətdiyi terror hadisəsindən sonra şəkər xəstəliyinə tutulmuşam”

“Ermənistanın törətdiyi terror hadisəsindən sonra şəkər xəstəliyinə tutulmuşam”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutmasının şahidi olmuş Nofəl Məmmədov deyib.

O, şəhid olan qonşularını yuxuda gördüyünü, hər il oktyabrın 11-də həmin günü yenidən yaşayırmış kimi hisslər keçirdiyini deyib:

“Mən yaxınlıqda olan binada qalıram. Həmin gecə yenicə yuxuya getmişdim ki, böyük partlayış oldu, bina zəlzələ olmuş kimi silkələndi. Hər tərəf zil qaranlıq oldu, nə baş verdiyini tam anlamırdım. Sonradan bildim ki, raket düşüb, amma haraya düşdüyünü bilmirdim. Birdən binadan çölə çıxanda gördüm ki, qarşıdakı yaşayış binası dağılıb, toz-duman bürüyüb ətrafı. Tez köməyə getdik, insanlar dağıntılar altında qalmışdılar, telefon işığı ilə onları oradan xilas etməyə çalışırdıq. Polislər, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri gəldilər. Raketin təsirindən tanışım olan şəxsin nəşi 30-40 metr kənara düşmüşdü”.

N.Məmmədov vurğulayıb ki, həmin gecə yaşananlar unudulmur:

“O hadisədə həyatını itirən qonşularımız yuxularıma girirlər. İllərdir bir küçədə yaşadığın qonşuların şəhid olduğunu görmək çox dəhşətli bir haldır. Mən həmin gecədən sonra şəkər xəstəliyinə tutuldum. Evdə uşaqlar səs eşitdikdə düşünürlər ki, raket atırlar”, – deyə N.Məmmədov deyib.

Qeyd edək ki, 11 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Share: