Gəncə terrorunda valideynlərini itirən azyaşlı: “Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar”

Gəncə terrorunda valideynlərini itirən azyaşlı: “Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar”

“Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar”.

Bunu Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində hər iki valideyni şəhid olan Hüseyn Anar oğlu Əliyev “Report”un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

O, valideynlərini hər gecə yuxuda gördüyünü deyir:

“Hadisədən bir neçə saat öncə atamla telefonla danışdım. Onlara dəfələrlə demişdim ki, Gəncəyə raketlər atırlar, gəlin Şəmkirə. Atam mənə “narahat olma, hər şey yolundadır, biz də evimizdəyik, heç yerə gedəsi deyilik” dedi. Həmin gecə yuxuda olanda birdən anamın səsini eşitdim. Oyandım elə bildim ki, anam gəlib. Baxdım heç kim yoxdur. Səhər tezdən televizora baxanda evimizin dağıldığını gördüm. Mənə dedilər ki, narahat olma, sadəcə xəsarət alıblar, hamısı yaxşıdır. Bacımla danışdım, amma ata-anamla danışmaq istəyəndə dedilər ki, onlar yaralıdırlar, danışa bilmirlər. Mən hadisədən bir neçə gün sonra bildim ki, onlar şəhid olublar.

Hər ikisi üçün çox darıxıram. Bəzən yuxularıma girirlər, səhər oyananda onları düşünərək oyanıram. Kaş onlar həyatda olardılar. İndi evimizin dağıntıları altında anama məxsus fincanı tapdım, mən bu fincanı digər əşyalar kimi onlardan xatirə olaraq saxlayacağam. Onların mənə aldıqları oyuncaqlarla da oynamıram, kənarda yadigar kimi saxlamışam. Ermənilər vəhşidirlər, onlar mənim kimi çox uşağı yetim qoyublar. İndi ailəmizdən bir mən və bacım qalıb. Tez-tez gəlib buranı ziyarət edirik”, – deyə Hüseyn Əliyev bildirib.

Qeyd edək ki, 11.10.2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket nəticəsində Hüseyn Əliyevin valideynləri – Anar Əliyev və Nurçin Əliyeva dağıntılar altında qalıblar. Saatlarla aparılan axtarışlardan sonra onların cansız bədənləri aşkarlanıb. Sonra Hüseyn və onun bacısı Sevil ana nənəsinin himayəsinə verilib.

Share: