“Google”da işləyən Nigarla ABŞ-də IT sahəsində çalışan Raufun sevgi hekayəsi: 4 yaşında rastlaşdılar

“Google”da işləyən Nigarla ABŞ-də IT sahəsində çalışan Raufun sevgi hekayəsi: 4 yaşında rastlaşdılar

Bir-birlərinin qisməti olduqlarına inanırlar. Hətta bununla bağlı faktları da var. Evləndikdən 3 il sonra, ailəvi tanışları vasitəsilə, uşaq vaxtlarında bir toyda oynadıqlarını görüblər. 20 il sonra tale onları yenidən bir-birinin qarşısına çıxarıb. Bu dəfə ayrılmamaq şərtilə… Əl-ələ verib okeanın o tayında ailə olublar.

“Kaspi”nin “Ailə” rubrikasının qonaqları “Google”da işləyən azərbaycanlı Nigar Balcanova və həyat yoldaşı, ABŞ-də IT sahəsində çalışan  Rauf Məmmədovdur. Cütlüyümüz Ayla və Davud adlı iki övlad sahibidir.

“Nigarla rastlaşmam şans idi”

İki fərqli ölkədə yaşasalar da, onları Bakı Dövlət Universiteti (BDU) birləşdirib. Nigar deyir ki, o vaxt həm oxuyur, həm də işləyirdi: “Rauf 18 yaşından Amerikada yaşayıb. Uzaqda yaşasa da, Bakıya tez-tez gəlib-gedirdi. Bir dəfə öz işi ilə bağlı universitetə gəlib və məni görüb. Ondan sonra ünsiyyətimiz yarandı”.

Raufa görə, ildə 2 dəfə Bakıya gəlib, bu müddətdə Nigarla rastlaşması şans idi: “Anam Bakı Slavyan Universitetində dərs desə də, BDU-ya elmi işləri ilə bağlı gedib-gəlirdi. Nigarı da ilk dəfə anamla görüşərkən BDU-da gördüm. Maraqlandım, nömrəsini tapdım. Yadımdadır, ilk görüşümüz 3 noyabrda oldu. Bir neçə dəfə Bakıda görüşdük, münasibətimiz daha çox “onlayn” davam etdi. Bir müddət sonra Bakıya qayıtdım və nişanlandıq”.

“O görüntülərə baxanda qəribə hisslər yaşayırıq”

Cütlüyümüzün tanışlıqları ilə bağlı qeyri-adi məqam onların ilk dəfə Nigarın 4, Raufun 7 yaşı olarkən rastlaşmaqları olub. Nigar bu faktı hər dəfə xatırlayanda həyəcanlanır: “Evlənəndən 2-3 il sonra bir tanışımız bizə gəlmişdi. Dedi ki, “məndə bir toy kaseti var, siz bir yerdə oynayırsınız”. İnanmadım. O videoya baxanda şoka düşdük. Qətiyyən bir-birimizi tanımırdıq, heç vaxt yolumuz kəsişməyib. Bu necə ola bilərdi? Çox qəribə idi. Hamı bunu qismətə bağladı”. 

Deyirlər əsas daxili gözəllikdir, amma…

Rauf deyir ki, heç vaxt uzunmüddətli planlar qurmayıb, amma Nigarla rastlaşmaq onun fikirlərini dəyişib: “Nigarla ilk dəfə İçərişəhərdə görüşdük. 25 yaşım var idi. ABŞ-də tək qalır, evlənməyə də tələsmirdim. Amma Nigar ürəyimə çox yatdı. Gözəlliyi diqqətimi çəkdi. Deyirlər əsas daxili gözəllikdir, amma məni ilk dəfə Nigarın xarici gözəlliyi çəkdi, daxilini sonra kəşf etdim”.

Nigar: Elə mənim də (gülür – A.Ə). İlk təəssürat olaraq, Raufun zahiri xoşuma gəlməsə idi, yəqin ki, danışmazdım. Daxili görünüşü, təmkinli olması, danışığı, ağlı, özünü aparmağını tədricən dəyərləndirdim.

“Nə mən 20 il əvvəlki Raufam, nə də Nigar”

Rauf xarici gözəlliyinə görə Nigarı seçsə də, ailə qurmasının əsas səbəbi Nigarın intellektuallığıdır: “Həyat yoldaşımın ən azı özüm qədər bilikli olmasını istəyirdim. Ona görə də Nigarın universitetdə həm oxuyub, həm də çalışmağı məni cəlb etdi. 10 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Xoşbəxtəm ki, Nigarda hələ də məni təəssüfləndirən xarakter yoxdur. Müsbət və mənfi cəhətlərimizlə bir-birimizə uyğunlaşaraq dəyişdik. Nə mən 20 il əvvəlki Raufam, nə də Nigar. Hər kəsin çətin xüsusiyyətləri olur, əsas güzəştə getməyi və dəyişməyi bacarmaqdır”.

Nigarın da Raufu seçmək üçün səbəbləri çoxdur: “Onun ağıllı və məntiqli danışıqları, planları ilə bağlı fikirləri diqqətimi cəlb etdi. Ümumiyyətlə, təmkini, dünyaya baxışı, düşüncəsi, səyahətə maraqlı olması kimi nüanslar verəcəyim qərara çox təsir etdi. Raufla yaşamaq maraqlıdır”.

“Bəlkə yox” dediyim vaxtlar da olub”

Rauf 18 yaşından ABŞ-də yaşasa da, Nigar evindən, ölkəsindən bu qədər uzun müddət ayrı qalmayıb. Deyir ki, ilk vaxtlar birdəfəlik ABŞ-yə köçmək onu narahat edib: “Ailə qurub, hansısa ölkədə yaşamaqla bağlı planlarım yox idi. Bunu təsəvvürümə belə gətirmirdim. İlk vaxtlar həyəcan, qorxu keçirirdim. “Bəlkə yox” deyə fikirləşdiyim vaxtlar da olub. Amma bir müddət sonra insan alışır. İndi mən Bakıya gedəndə evim üçün darıxıram. Həm yeni yerlər görmək həyəcanlıdır, həm də oxumağa, özümü inkişaf etdirməyə çox meyilliyəm. Təhsil, iş imkanları, dünyagörüşümü artırmaqla bağlı burada şans çoxdur. Əslində, Amerikada təhsil almağı məktəb vaxtından planlayırdım. Hətta bir sıra beynəlxalq proqramlara da qoşulmuşdum. Amma qismət ailə qurub gəlməkdəymiş”.

“Jurnalistikadan “Google”a Raufun dəstəyi ilə gəldim”

Nigar ABŞ-yə köçmək üçün Bakıdakı karyerasını tamamlayıb və orada sıfırdan başlamağa məcbur olub. Bu zaman həyat yoldaşı ona dəstək durub: “Google” mənim üçün bir kəşf idi. Jurnalistika sahəsində ABŞ-də iş tapmaq çətindir. Bunun üçün mütləq burada təcrübən olmalıdır. Bu təcrübəni qazanmaq isə uzun vaxt tələb edir. Özümü başqa sahələrdə sınamaq qərarına gəldim. San-Fransiskoda, Silikon vadisi tərəfdə yaşayıb IT sahəsində olmamaq mümkün deyil. Burada yaşayanların əksəriyyəti IT ilə məşğuldur. Lakin bilmədiyin peşəyə sıfırdan başlamaq asan deyil. 2 uşaqla bunu etmək isə ən çətinidir. Jurnalistikadan “Google”a Raufun mənəvi dəstəyi ilə gəldim. O yanımda olmasa idi, bacarmazdım. Hərdən ruhdan düşüb “bəlkə uşaqlar böyüsün, sonra işləyərəm” dediyim vaxtlarda Rauf motivasiya verir, psixoloqluq edirdi. Dəstəyi hələ də davam edir”.

“Həm gözəl anadır, həm uğurlu qadın, həm də…”

Bəzi kişilər ağıllı qadınlardan qorxurlar, deyirlər. Rauf bunun əksini düşünür. Elə bu səbəbdən Nigarın təhsilinin, karyerasının davam etməsi üçün əlindən gələni edir: “Təhsilli, dünyagörüşlü qadınlarla evlənməkdən qorxanları başa düşmürəm. Yəqin özlərindən ağıllı ola biləcəyindən çəkinirlər. Bu hiss özgüvən əskikliyindən yaranır. Məndə belə düşüncə olmayıb. Həyat yoldaşımla əl-ələ verib, işləyib, övladlarımızla birlikdə arzularımızı həyata keçirmək niyyətindəyik. Əgər ailədə ana və ata təhsillidirsə, onların yetişdirdiyi övlad cəmiyyətə bir o qədər yararlı olar. Nigar üçün 2 uşaqla sıfırdan başlamaq asan deyildi. Amma o, bacarır. Həm gözəl anadır, həm uğurlu qadın, həm də yaxşı səyahət yoldaşı”.

“Böyüyəndə həm proqramçı, həm də ana olacam”

Uşaqların tərbiyəsinə gəldikdə, Nigar deyir ki, övladına danışaraq deyil, göstərərək tərbiyə verməyin tərəfdarıdır: “Uşaq dünyanı görərək qavrayır. Ana-atasının karyera qurduğunu gördükdə, özü də bu yolla getməyə çalışır. Mən ona danışmaq yox, göstərmək istəyirəm. Ən əsası, qızıma ana olub, işləməyin normal olduğunu izah edirəm. Onları iş yerimizə aparır, oradakı mühitlə tanış edirik. Qızım deyir ki, böyüyəndə həm proqramçı, həm də ana olacağam. Mən ona heç vaxt demərəm ki, sən filankəs ol. Uşaqlar həyatda nə görürsə, onu edir. Yaşlarına uyğun davranırıq. Onlarla oynamaq, şən vaxt keçirmək, səhvlərini pozitiv yolla izah etməyə çalışırıq. Bizim üçün ən mühümü övladlarımızın sosial və hərtərəfli böyüməsidir”. 

“Biz oduq, o, sudur”

Rauf: Mən bəzən qızım səhv edəndə səsimi qaldırıram. Hövsələm yoxdur. Tez hirslənirəm. Amma Nigar elə deyil. Uşaqla danışır, izah edir. Sonra çalışıram ki, nə üçün əsəbiləşdiyimi izah edim. Mütləq bir-birimizdən üzr istəyirik. Nigar bizim aramızda körpüdür. Biz oduq, o, sudur. Hər şeyi tənzimləyir.

Nigar: Övladlarımızı vətənpərvər böyüdürük. Burada mühit tam fərqlidir. Məktəblərində azərbaycanlı yoxdur. 2 yaşından Aylaya Azərbaycan mahnıları, şerləri öyrədirdim. Dil açan kimi himnimizi oxuyurdu. Oğlumuz hələ balacadır və artıq Azərbaycan dilində sözlər deməyə başlayıb. Qızımız həm ingilis, həm də doğma dilində danışır.

“Xoşbəxtəmsə, səbəbi həyat yoldaşım, övladlarım və işimdir”

Ailə qurarkən Nigarın 22, Raufun 25 yaşı olub. Bəzi insanlar ailə qurmağın karyeraya mane olacağını düşünür. Nigar isə hər ikisini bir yerdə apararaq balansı qorumağın mümkünlüyünü vurğulayır: “Mənə görə, ailə təməldir. Karyera da bir məqsəd üzərində qurulmalıdır. Ailəm olmasa, kim üçün zirvəyə qalxım? Hər ikisini bir yerdə etmək mümkündür”.

Rauf isə fərqli düşünür: “Ailə və karyera ikisi bir yerdə, təbii ki, bir-birinə təsir edir. Məncə, birinə köklənəndə daha uğurlu olmaq olar. Təsəvvür edin, 24 saat vaxtın olur. Ailəli olarkən bunu 3 yerə bölürsən. Ailə, iş və özün. Karyera, ailə və ya hər ikisi insanın öz seçimidir. Mən ailəmlə xoşbəxtəm. Yüzlərlə insan tanıyıram ki, çox uğurludur, amma təkdir. İkisini bir yerdə balanslaşdırmaq olar. Bu gün xoşbəxtəmsə, səbəbi həyat yoldaşım, övladlarım və işimdir”.

“Nə istəyirsən bişirim” sözü “bağışla məni”dən üstündür”

Problemsiz ailə olmur deyirlər. Sevgi, emosiya varsa, anlaşılmazlıqlar da qaçılmazdır. Müsahiblərimiz problemlərini qarşılıqlı anlaşaraq həll edirlər.

Rauf: Bir evdə küsülü qalmırıq. İlk vaxtlar tez-tez küsürdük. O mərhələni keçmişik. Əvvəllər gözləyirdik ki, kimsə üzr istəsin. İndi belə deyil. Səmimi, sakit danışırsan, məsələ həll olur. Yanında gül-çiçək də varsa, anlaşılmazlıq aradan qalxır (gülür – A.Ə).

Nigar:  Baxır nə üstündə mübahisə edirik. Mübahisədən sonrakı sakitlikdə hər şey həll olur. O vaxt insan özünü analiz etməyə başlayır. Özümüzü qarşı tərəfin yerinə qoyub nə hiss etdiyini, nə üçün bunu dediyini başa düşməyə çalışırıq. Biz heç vaxt bir-birimizə “bağışla məni” deməmişik. Amma xoşuna gələn hərəkəti etməklə, məsələn, gözlənilməz qısa bir səyahət təşkil etmək və ya istədiyi yeməyi hazırlamaqla, barışmaq istəyimizi bildiririk. Bəzən “nə istəyirsən bişirim” sözü “bağışla məni”dən üstündür. Mübahisə ola bilər, bu, tam normaldır, əsas həll yolunu tapmaqdır.

“Elə bilirdim çıxılmaz vəziyyətdəyəm və bu, bitməyəcək”

Xaricdə yaşamağın ən böyük çətinliklərindən biri ehtiyacın olanda yaxınlarının yanında ola bilməməsidir. Nigar da anası və qayınanasından uzaq olduğu üçün çətinlik çəkib. Pandemiya ona bu çətinliyin də öhdəsindən gəlməyi öyrədib.

Nigar: Çox çətin idi. Elə bilirdim çıxılmaz vəziyyətdəyəm və bu, bitməyəcək. Ayla dünyaya gələndə qayınanam bizə gəlib, mənə kömək etdi. Davud isə pandemiya zamanı doğuldu. Təsəvvür edin, pandemiyaya görə xəstəxanaya tək getmək məcburiyyətində qaldım. Müxtəlif çətinliklərə baxmayaraq, birlikdə bunların da öhdəsindən gəldik.

Rauf: Yükün çoxu Nigara düşürdü. 2021-ci il bizim üçün çətin idi. Son iki ildə 6-dan gec oyanmağımız yadımızda deyil. Amma öhdəsindən gəlirik.

“Nəyəsə yatırım etməkdənsə, xatirələrimizi çoxaldırıq”

Cütlüyümüz evləndikləri gündən səyahət edirlər. Daha sonra səyahətlərinə övladları da qoşulub.

Nigar: Bəzən uşaqlarla səyahət çətin olur. Hətta insanların bəziləri uşaqlar böyüdükdən sonra səyahətə çıxmağa başlayırlar. Bizdə elə deyil. Əvvəlcədən danışdıq ki, qazancımızı ən çox səyahətə xərcləyək. İşimizi uşaqlara və səyahətə görə qururuq. Biz ailəlikcə bir yerdə böyüyürük. Hələ ki ölkə seçimini uşaqlara uyğun edirik. Onlar böyüdükdə isə siyahıda saxladığımız ölkələrə səyahət etməyi arzulayırıq.

Rauf: Hər yaşın öz gözəlliyi var. Çalışırıq ki, o gözəlliyi yaşayaq. Milyoner deyilik. Hər ikimiz işləyərək, səyahət planlayaraq vaxtımızı bölürük. Pul yığmaq, ev almaq, nəyəsə yatırım etməkdənsə, xatirələrimizi çoxaldır, onlara yatırım edirik.

Hər kəs həyatını dəyişə bilər

Cütlüyümüz sonda vurğuladı ki, gənclər öz arzularını heç vaxt unutmasın, arxa plana atmasınlar.

Nigar: Bir insanla qarşılaşdıqda nəzərə almalısan ki, onunla bir ömür keçirəcəksən. Bəzən ailələr bizim üçün “yaxşı”nı özləri seçir. Ailənin kriteriyalarında yaxşı insan sənin üçün yaxşı olmaya bilər. Öz arzularını heç vaxt unutmasın, onun üzərində həyat qursunlar. Qismətə və şansa çox inanıram. İnsan öz şansını istifadə etməyi bacarmalıdır.

Rauf: Məsələn, mən ilk ali təhsilimi düşünərək seçməmişəm. Hamı iqtisadiyyat oxuyurdu, mən də getdim. Daha sonra ikinci şansım ABŞ-də yarandı. İnsanlar, əsasən də gənclər, özlərini kəşf etsinlər. İstər peşə, istərsə də ailə seçimində başqalarının arzularını deyil, öz arzularını reallaşdırsınlar.

Share: