Alimlər peyk məlumatlarından istifadə edərək Günəşin Yerin maqnit sahəsinə zərbələrinin səsini qeydə alıblar.
Nəticədə fantastik filmlərdəki kimi qorxulu səslər ortaya çıxıb.
Avropa Kosmik Agentliyinin alimləri tərəfindən qeydə alınan səslər narahatedici və tükürpədicidir.
Bu audioqeydlər Günəş hissəcikləri dalğasının Yerin maqnit sahəsinə çırpıldığı zaman hansı səslər yaratdığını dinləməyə imkan verir.
Bunun üçün elm adamları 10 ilə yaxındır ki, planetin maqnit sahəsini tədqiq edən “Swarm” missiyasının üç peykindən məlumat toplayıblar. Daha sonra sonifikasiya prosesindən istifadə edərək bu məlumatları Günəş plazması axınının maqnit sahəsinə çırpılması zamanı yaranan səsə çeviriblər. Məhz bu proses Yerdə geomaqnit qasırğalarının yaranmasına səbəb olur.
“Əsasən biz peyklərin maqnit sahəsini öyrənərək topladıqları məlumatlardan istifadə etdik. Lakin başqa mənbələr də var idi. Bunun sayəsində biz Yerin maqnit sahəsinin necə səsləndiyini təsəvvür edə bilərik. Bu, incəsənət və elmin maraqlı birləşməsidir. Yeri gəlmişkən, maqnit sahəsinin bu gurultusu Günəşdə güclü parlamanın olduğu vaxtlarda baş verib. Bu, gerçəkdən, qorxuncdur”, – deyə Danimarka Texniki Universitetindən Klaus Nielsen qeyd edib.
Mənbə: Engadget.com