Son zamanlar Azərbaycanda gənclər arasında xərçəng xəstəliyindən ölənlərin sayı artıb. Bu xəstəlik “cavanlaşır” desək, yanılmarıq. Niyə xərçəngdən ölənlərin sayı artır? Xərçəng xəstəliyində cərrahi əməliyyat şərtdirmi?
Oxu.Az-ın suallarını onkoloq-cərrah Elgün Səmədov cavablandırıb.
– Həkim, bu xəstəlik nədən yaranır? Niyə xərçəng cavanlaşıb?
– Xərçəng tibbi qaynaqlarda çox qədim xəstəlik sayılır. Qədim zamanlarda bir nəfərdə dəri xərçəngi olub ki, onu da vizual olaraq xərçəngə oxşadıblar. Ona görə adı xərçəng xəstəliyi olaraq qalıb. Xərçəng hüceyrə səviyyəsində gedən xəstəlikdir.
Bu gün artıq xərçəng xəstəliyinin müalicəsi var. O cavanlaşırmı? Bəli, cavanlaşır. Hər bir insan həyatının müəyyən hissəsində xərçəng hüceyrəsi ilə qarşılaşır. İnsan immuniteti zədəli hüceyrəni tutub məhv edə bilir.
Kimdə ki immunitet həmin hüceyrəni məhv edə bilmir, o zaman xərçəng xəstəliyi əmələ gəlir. Cavan adamda xərçəng yaşlılardan daha aqressiv gedişli olur.
– Xərçənglə bağlı statistikanın artması onun qarşısını tez almaq üçün yaxşı haldırmı?
– Bizdə əvvəllər belə idi – xəstədə bu xəstəlik vardı, amma həkimə getmirdi. Bu da statistikaya düşmürdü. Ölkəmizdə son bir neçə ildə icbari tibbi sığortanın tətbiq edilməsi, səhiyyənin yavaş-yavaş əlçatan olması, artıq müayinə imkanları regionboyu olduğu üçün və vaxtında diaqnoz qoyulması xəstəliyin statistikasını artırır.
Əslində, mən deyərdim ki, statistika artmır, xəstəlik hər zaman olub, sadəcə, təyin olunanların sayı artır. Son 30-40 ildə xərçənglə bağlı ultrasəs müayinəsi, MRT, kompüter tomoqrafiyası və digər müayinələr istifadə olunur. Bunlar olmayanda biz xərçəng hüceyrəsinin sayını az görürdük. O zaman xəstəliyi gecikmiş mərhələdə bilirdik. Hazırda cavan bir adamın da şikayəti varsa, müayinə ilə diaqnoz qoyulur. Xəstəliyin cavanlaşması əvəzinə, insanların tibbin fərqində olmasıdır desəm, yanılmaram.
– “Şişmiş statistika” bizi qorxutmalıdırmı?
– Xeyr. Bu bizi qəti qorxutmamalıdır. Xəstəliyin birinci və ikinci mərhələsində müraciət edilsə, xərçəngin yerləşdiyi nahiyədən asılı olmayaraq, müalicə mümkündür. Həmin xəstələrin yenidən bu xərçəngə yoluxması çox aşağı rəqəmdir. Bizi qorxudan xərçəng xəstəliyi vaxtında aşkarlanarsa, tam müalicə oluna biləndir.
– Onkoloji xəstəliklərin artmasının səbəbləri nədir?
– Bu, regiondan-regiona dəyişir. Bizim regionda ən böyük səbəblər – qohum evliliyi, siqaret, stres, yediyimiz qidalardır. Yad biri ilə evləndikdə gen mutasiyalarını tam ötürə bilmirsən, qohum evlilikdə isə bu üzə çıxır. Məsələn, xaricə gedən bir adam deyir ki, orada mürəbbənin, hisə verilmiş balıqların və bu kimi məhsulların yaxşı dadı yox idi.
Çünki bizdə bunlar gözəyarı edilir. Bizim “dadı yox idi” dediyimiz məhsullar ciddi şəkildə nizamlanır. Buna görə də bu xəstəliyin yaranmaması üçün yediyimiz qidalara diqqət etməliyik.
– Qadınlar və kişilər arasında xərçəngin hansı növü geniş yayılıb?
– Qadınlar arasında süd vəzi xərçəngi çox yayılıb. Ən yüksək ölüm göstəricisi ağciyər xərçəngindədir. Mədə-bağırsaq xərçəngi daha çox problem yaradır. Bu xəstəlik ilkin mərhələdə poliplə və oradan xərçəngə çevrilmiş formada gəlirsə, sadəcə, polipi çıxarmaqla bunun qarşısını almaq olar. Gecikmiş formada gəldikdə isə cərrahiyyə yolu seçilir. Bizə daha gec müraciət olduqda isə cərrahiyyə və kimyaterapiya ilə bərabər edilir.
– Bizim ölkədə el arasında belə bir söz deyirlər ki, Azərbaycanda xərçənglə bağlı həkimə getdinsə, mütləq əməliyyat edirlər.
– Mənim üçün belə bir deyim var: “Həkimi çox olanın ömrü az olar”. Təəssüf ki, ölkəmizdə standart tibb təhsili yoxdur. Azərbaycan Tibb Universitetindən, Türkiyə, Rusiya, Almaniyadakı universitetlərdən məzun olanlar var. Onların vahid protokolu yoxdur və standart yanaşma olmur. Mənim ən çox çətinlik çəkdiyim sahə əməliyyatdan əvvəl kimyaterapiyaya ehtiyacı olan xəstələri ona göndərə bilməməkdir.
Mən xəstəyə deyirəm ki, əməliyyatdan əvvəl kimyaterapiya limfa düyünlərini öldürüb, xəstəliyi daha lokal hala salır və mən daha sonra cərrahi müdaxilə etməliyəm. Amma xəstə başqa həkimə gedir, o da deyir ki, təcili səni əməliyyat etməliyik, şiş orada qala bilməz. Bu, fərqli yanaşmadır.
Elm olaraq sübut edilib ki, xəstələrə müəyyən mərhələdə əməliyyatdan qabaq kimyaterapiya verib, cərrahi müdaxilə edirsənsə, xəstəliyin qayıtma ehtimalı çox aşağı düşür. Ölkəmizdə həkimlər arasında birlik yoxdur ki, biz oturub bunu müzakirə edək. Bütün müalicə prosesinin məqsədi insanı xərçəngdən qurtarmaqdır.
– Belə yanaşma olan xəstələrin arasında 20 ildən çox yaşayanlar olduğu qeyd edilir. Bu xəstəlikdən sağalma ehtimalı neçə faizdir?
– Xərçəng xəstəliyində əməliyyatdan sonra xəstə beş ili tamamladısa, artıq sağalmış sayılır.
– Xərçəngin hansı növünü müalicə edirsiniz?
– Mədə-bağırsaq xərçəngini daha çox müalicə və əməliyyat edirik. Hər üç-altı aydan bir xəstələr müayinə edilirlər. Mədə xərçəngi erkən mərhələdə tam müalicə olunan xəstəlikdir.
– Alimlərin xərçəngin yeni müalicə metodunu, dərmanını tapmaları ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq…
– Təbii ki, xərçəngin müalicəsi var. Bu xəstəliyin müalicəsi kimyaterapiya, cərrahi müdaxilədir. Bizim insanlar hələ də nəyi gözləyirlər bilmirəm? Müalicəsi tapıldı nə deməkdir? – Alimlər altqrup xərçəngin bir hissəsini müalicə edən dərman tapa bilirlər. Amma məlumat elə yayılır ki, guya xəstəliyin müalicəsi tapıldı…
Tətbiq olunan bu müalicənin xərçəng xəstəliyinin hər növünə uyğun sxemi, dozası var. Xərçəngi tam müalicə edən, nisbətən aktivliyini azaldıb, ömrü uzadan dərmanlar var. Bu gün ürək xəstəliyindən ölənlərin sayı xərçəngdən çoxdur. Biz bu xəstəliyin adını danışaraq yumşaltmalıyıq ki, insanlar qorxmasınlar. Vaxtında aşkarlanarsa, ümidverici proqnozlar mövcuddur.
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət