“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə ulu öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir.

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində növbəti seminar İsmayıllı şəhərində təşkil olunub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina, təhsil və mədəniyyət işçiləri, gənclər, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sevil Əhmədova bildirib ki, Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb.

Sonra millət vəkili Ceyhun Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir. Ulu öndər Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların və dinlərin nümayəndələri ilə hər zaman mütəmadi görüşürdü. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verir. Bu gün sürətli inkişaf yolunu seçən ölkəmiz həm də müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların, fərqli dinə etiqad edən insanların dinc şəraitdə yanaşı yaşadığı unikal multikultural məkandır. Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə Azərbaycan xalqının unikal multikultural dəyərlərinin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasəti bu gün onun siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.

Daha sonra çıxış edən İrina Kunina Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirir.

Seminarda iştirak edən azsaylı xalqların nümayəndələri və digər çıxışçılar da İsmayıllı rayonunda mövcud olan multikultural mühit haqqında öz fikirlərini bildiriblər. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Share: