Azərbaycanda son illər məktəbyaşlı uşaqlar arasında siqaret çəkənlərin sayı artıb. Siqaretə vərdiş edənlər arasında oğlanlarla yanaşı, qızlar da var. Qarşısı alınmaq əvəzinə, gündən-günə bu tendensiya daha da artır.
Bəs görəsən, bunu tətikləyən nədir? Yeniyetmələri zərərli vərdişlərdən necə uzaqlaşdıra bilərik?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ibtidai sinif müəllimi Şahid Muradlının sözlərinə görə, təəssüf ki, ölkədə tütün məmulatlarından istifadə edənlərin yaş həddi əvvəlki illərə nisbətən xeyli düşüb:
“Bunlar arasında məktəbyaşlı uşaqların olması təəssüf hissi doğurur. Səbəb olaraq yeniyetməlik dövrü keçirən məktəblilərin bir sıra hallarda rol modeli seçimi zamanı etdikləri səhvləri, sosial şəbəkə vasitəsilə gənclər arasında trend adı ilə yayılan bəzi videoçarxları və s. göstərmək olar. Bununla yanaşı, bütün ümumtəhsil məktəblərində zərərli vərdişlərə qarşı aparılan məlumatlandırıcı təqdimatların fonunda bu göstərici məyusluq doğurur”.
Ş.Muradlı qeyd edib ki, uşaqların böyüklərin dediklərini yox, etdiklərini nümunə götürdüklərini nəzərə almalıyıq:
“Müəllimin siqaret çəkən valideynin övladına “siqaret çəkmək sənin sağlamlığına ziyandır” deməsi fayda vermir. Eyni zamanda, siqaretdən istifadə edən müəllimin şagirdə bunun zərərli olması haqqında məsləhəti də faydalı olmur. Həm müəllimin, həm də valideynlərin cəmiyyətin bir parçası olduğunu nəzərə alaraq ümumilikdə bu halın müsbətə doğru dəyişilməsində məsuliyyəti hamılıqla öz üzərimizə almalıyıq”.
Yazıçı Varis Yolçuyev əlavə edib ki, yeniyetmələr internetdə gördüklərinə meyil edirlər:
“Siqaretin ziyanını hər kəs bilir. İndi xüsusi kiçik qablarda ətirli qəlyanlar çıxıb. Qızlı-oğlanlı hər kəs ondan ictimai yerlərdə də istifadə edir. Qadağa qoyulmayıb. Meyil edənlərin sayı da buna görə çoxalıb.
Sulu qəlyanların da yenidən dəbə düşməsi, ümumilikdə məişət yenilikləri uşaqlarda kütləvi olaraq psixoz yaradır. Biz uşaq olanda siqaret çəkməkdən qorxurduq ki, iyi gələcək, evdə bilərlər. İndi elə məsələ yoxdur.
Uşaqlar internetdən çox şeylərə baxıb öyrənirlər. Siqaretə, xoşagəlməz şeylərə meyil yaranır. Günah yalnız məişət texnikasının tərəqqisindədir. Texnika hər şeyə təsir edir. İndiki uşaqlar tez böyüyürlər. Ona görə də pis vərdişlərə meyil edirlər. Qorxulu tendensiyadır. Ancaq mənə elə gəlir ki, qarşısıalınmazdır”.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəlalə Nuriyevanın fikrincə, məktəbyaşlı uşaqların siqaretə meyil etməsinin səbəblərindən biri də valideynləridir:
“Yeniyetmələrin siqaretə və digər zərərli maddələrə maraq göstərməsinin səbəbləri çoxdur. Əslində, bu kimi hallar tək indiki dövrün problemi deyil, zaman-zaman baş verib. Sadəcə, statistikada artım müşahidə olunmaqdadır.
Məktəbyaşlı uşaqların siqaretə meyil göstərmələrinin birinci səbəbi, mənə elə gəlir ki, məktəb mühitindən əvvəl valideynlərdir. Şagird vaxtının çox hissəsini valideynin yanında keçirir. Əgər valideynin nəzərində siqaret anlayışı müsbət bir şeyi ifadə edirsə, ömründə bir dəfə də olsun, övladına siqaretin zərərləri haqqında iki cümlə deməyibsə, o zaman günahı yeniyetmədə axtarmağa bizim haqqımız yoxdur. Bir müddət əvvələ qədər 18 yaşına çatmayan şəxslərə siqaret satılmırdı. Amma bu müddətə qədər, bəlkə də, az ata tapılar ki, oğlunu mağazaya siqaret almaq üçün göndərməsin. Belə olan halda, təbii ki, uşaqların diqqətini çəkəcək”.
Ş.Nuriyeva deyir ki, səbəblərdən biri də çoxlarının, bəlkə də, ağlına belə gətirmədiyi meyxanalar, trend mahnılardır:
“Siqaretə meyillilikdə uşaqları cinsə bölmək istəmirəm. Son zamanlar qızlar arasında belə, siqaret çəkənlərə rast gəlmək olur. Səbəblərdən biri də çoxlarının, bəlkə də, ağlına belə gətirmədiyi meyxanalar, trend mahnılardır. Hansı ki, bu mahnılarda siqaret, içki, narkotik, avtoxuliqanlıq və digər zərərli vərdişlər təbliğ olunur. Trend səviyyəsinə qalxan belə kliplərə bir neçə milyon baxış olur. Baxanların əksər hissəsini də yeniyetmələr təşkil edirlər. Burada məşhur “TikTok” sosial şəbəkəsinin də böyük rolu var. Yəni təbliğatın payı çox böyükdür.
Ailə mühiti şagirdi necə istiqamətləndirirsə, o cür də davam edir. Nəticə olaraq deyə bilərəm ki, nə vaxta qədər ki cəmiyyətimizdə siqaretə bəla, dərd kimi yox, dərdlərdən qurtuluş vasitəsi kimi baxacaqlar, o zamana qədər də bu hallar daha da artacaq”.
Valideyn Firəngiz Hüseynova isə əlavə edib ki, ümumiyyətlə, “pis vərdiş” ifadəsi çox yanlışdır:
“Qız və oğlan anasıyam. Uşaqlarımı bacardığım qədər bu tip vərdişlərdən qorumağa çalışıram. Hər ikisi yeniyetməlik dövründədir. Zərərli vərdişlərə aludə olmalarını istəmirəm. Amma nəticə etibarı ilə bütün günü uşaqlarımın yanında ola bilmirəm. Övladlarımızın arxasınca düşüb, onları təqib edəsi də deyilik. İnam lazımdır. Bir də inamdan öncə uşaq yaşından onlara hər şeyi izah etmək gərəkdir.
Hər kəsin pis vərdiş dediyini mən pis hesab etmirəm. Çünki pis vərdiş dedikdə o söz uşaqların diqqətini çəkir. Bəzi valideynlərin özlərinin belə vərdişi olduğu halda uşaqlara bunun pis olduğunu aşılamağa çalışırlar. Düşünürəm ki, bu, çox yanlış bir ifadədir. Vərdişdir. Sadəcə, vərdişin ziyanlı tərəfini söyləyirsən. Qalanı onların seçimi olur. Mənə elə gəlir ki, bu məsələdə valideynlərin üzərinə daha çox məsuliyyət düşür”.
Nəzrin Vahid