Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərə Premyer Liqasının doqquzuncu turunda Liverpul şəhərindəki “Enfild” stadionunda Mersisayd derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, eyni şəhərin iki komandası – “Liverpul” və “Everton” arasında keçirilən matç “qırmızılar”ın inamlı qələbəsi ilə sona çatıb.
Oyunun birinci hissəsi “Liverpul”un üstünlüyü ilə keçsə də, hesab açılmayıb. Əvəzində “Everton”un cinah müdafiəçisi Eşli Yanq 37-ci dəqiqədə ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub. İkinci yarıya azlıqda başlayan “mavilər” bütövlükdə müdafiəyə çəkilərək ancaq əks-hücumlara bel bağlayıblar. Bununla belə, 75-ci dəqiqədə Yurgen Kloppun yetirmələri status-kvonu dəyişə biliblər: Luis Diasın qazandığı penaltini misirli hücumçu Məhəmməd Salah qola çevirib. Prinsipial oyunda məğlubiyyətlə barışmaq istəməyən Şon Dayçın yetirmələri “qırmızılar”a qarşı həmlələr həyata keçirməyə başlasalar da, 97-ci dəqiqədə ev sahibləri qonaqları əks-hücumda yaxalayaraq matçda son nöqtəni qoyub: Salah və Darvin Nunyesin dueti afrikalının qolu ilə sonuclanıb.
Beləliklə, Mersisayd derbisi “Liverpul”un 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, doqquz turdan sonra “Liverpul”un aktivində 20 xal var. Komanda azı müvəqqəti də olsa, turnir cədvəlinə başçılıq edir. “Everton” isə yeddi xalla 16-cı pillədə qərarlaşıb.