İqor Semivolos: “Ukraynalılar Azərbaycanın tərəfində olmaqda davam edirlər”

İqor Semivolos: “Ukraynalılar Azərbaycanın tərəfində olmaqda davam edirlər”

“Ukraynalılar Azərbaycanın tərəfində olmaqda davam edirlər”.

Bunu Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos Ermənistan tərəfinin son günlər sərhəddə törətdiyi genişmiqyaslı təxribata Azərbaycan tərəfindən qəti şəkildə cavabına ukraynalı ictimai və siyasi xadimlərin, jurnalistlərin ermənipərəst mövqe tutmasını Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukraynada ictimai şüurda heç bir dəyişiklik yoxdur.

“Düzdür, qeyd edə bilərəm ki, müəyyən diqqət dəyişikliyi olub; insanlar daxili problemlərə diqqət yetirirlər və xarici hadisələri, Rusiyanın zəifləməsinə gətirib çıxarmırsa, o qədər də fəal izləmirlər. İstənilən halda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, ölkəsinin maraqlarını müdafiə etməsi Ukraynada müsbət qarşılanır. Bu, 2020-ci ilin sonundan, Azərbaycanın 44 günlük müharibədə qalib gəldiyi vaxtdan ölkəmizdə hökm sürən hakim fikirdir”, – deyə o izah edib.

Ekspert şərti olaraq ermənipərəst mövqedən çıxış edən ekspertlərin sayının çox az olduğunu, sadəcə, məlum səbəblərdən Azərbaycanda məhz onlara diqqət yetirildiyini bildirib.

“Yeri gəlmişkən, son hadisələr harada baş verib, eskalasiya niyə olub – Ukraynada hamı başa düşmür. Burada müxtəlif fikirlər var. Amma bu diskussiyaya (əgər belə adlandırmaq olarsa) diqqət yetirməyə dəyməz”, – deyə İ.Semivolos sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Share: