Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib, dövlət büdcəsinə yenidən baxılması üçün tapşırıqlar verilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı hökumətə verdiyi tapşırıqlar, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
Yekunda 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.