Qan Turalı yazır…
İran və onun əlaltılarının ölkəmizlə bağlı “tənqid”lərində bir motiv xüsusilə işləkdir: “Əxlaqsızlıq məsələsi”. Guya, Azərbaycanda əxlaqsızlıq hökm sürür, qadınlar küçədə lüt gəzir, fahişəlik günü-gündən artır, ar itib, namus yox olub, papağımız yerə soxulub, həya qalmayıb, ismət, abır qeybə çəkilib, hamı homoseksualdır, LGBT-dir…
İranın əyalət mollalarına, piket və məhkəmə kandarlarında çıxış edənlərə baxın, hamısı bu ritorika ilə silahlanıb.
Misal üçün, bir xanım bu yaxınlada sosial şəbəkələrdə “viral” olan videosunda Azərbaycanda gündə bir kazino açıldığından danışırdı. Gündə bir kazino… İndiyə qədər mən hələ heç bir kazino görməmişəm. Onlardan fərqli olaraq, saxta ittihamlarla yox real faktlarla vəziyyəti təsvir edəcəyəm.
Başlayaq, LGBT-dən. Sizcə, İranda cinsiyyət dəyişdirmə əməliyyat aparılırmı? İlk təəssürat “Yox” olacaq. Amma aparılır. Bu hələ hamısı deyil. Bu əməliyyatlar dövlətin maliyyəsi ilə aparılır. Bir az nəfəs dərin, davamı var.
Dünyada ən çox cinsiyyət dəyişdirmə əməliyyatı aparılan ölkələr arasında İran ikinci yerdədir. İran İslam Respublikasının qurucusu Xomeyninin bu barədə fətvası var. Müasir dövrdə isə ən ali ruhani titulu sayılan mərceyi-təqlid ünvanına layiq görülən Yusif Saneyin fətvasına görə də qadağan edilməyən bir şeyə icazə verilə bilər. VII əsrdə cinsiyyət dəyişdirilmə əməliyyatı haram hesab edilməyib, demək onu indi etmək olar. (Bu barədə mübahisə aparmaq ilahiyyatçıların işidir, mən sadəcə faktı yazıram)
Bəs nəyə görə İran son dərəcə heyrət doğuran siyasət aparır? Bunun da səbəbi çox sadədir: Hakimiyyət ölkədə homoseksualların varlığından narahat olduğu üçün onları cinsiyyət dəyişdirmə əməliyyatına məcbur edir. Əməliyyat, müalicə dövlət tərəfindən maliyyələşdirilir və əməliyyatdan sonra şəxsə yeni pasport təqdim edilir. Bu pasportla o, yeni adına-kişidirsə qadın, qadındırsa kişi adına qovuşur. Ölkədə homoseksuallıqla mübarizə bu cür aparılır…
İranda fəaliyyət göstərən Afitab Cəmiyyətinin hesabatına görə 2019-cu ildə Tehranda 36 min fahişənin qeydə alındığı göstərilir. Onların 10 min nəfəri isə evlidir. Tehran universitetinin professoru Əmir Mahmud real rəqəmin bu saydan iki dəfə çox olduğunu bildirir.
Hər bir ölkədə fahişəlik adətən turistik zonalarda baş verir. İranda isə bu sadə fakt çox daha dəhşətli nəticələr yaradır. Belə ki, əsas turistik zonaları müqəddəs məkanlar olan İranda fahişəlik də məhz bu yerlərdə xüsusilə geniş yayılıb. Məşhəddə 19 fahişəni öldürən silsilə qatildən danışsaq yəqin ki, fahişəliyin bu vəziyyətdə necə bir təhqiramiz məna daşıdığını da aydın şəkildə təsəvvür etmək olar.
İraqdakı müqəddəs məkanlarda azyaşlıların siğəyə cəlb edilməsi də sənədli materiallarla əyani şəkildə nümayiş etdirilmişdi.
Fahişəliyin geniş yayılmasında müxtəlif sosial media platformaları da aktiv rol oynayır. Ancaq ekspertlər sosial mediaya ən kəskin senzuralar tələb edən İranın bu məsələdə loyallığından şikayət edir. Ruhani sinfinin bir hissəsi lənətləməklə kifayətlənir, digər qismi isə bu proseslərə mənfəət gözü ilə baxır. Çünki müvafiq aktın leqallaşmasını onlar həyata keçirir.
Əlbəttə ki, söhbət fahişələri damğalamaqdan, ya da LGBT üzvlərini əxlaqsız kimi qələmə verməkdən getmir. Müasir dünyada, müasir hüquq sistemində bu əməllər heç cinayət də hesab edilmir. Məsələ qədim məsəldə deyildiyi kimidir: “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.