İş elanlarının yeni “maksimum 27 yaş qaydası”: QANUNSUZDUR!

İş elanlarının yeni “maksimum 27 yaş qaydası”: QANUNSUZDUR!

Sosial şəbəkələrdə tez-tez müxtəlif iş elanları yerləşdirilir, fərqli vakansiyalar üzrə ümumi paylaşımlar edilir. Son zamanlar həmin elanlarda diqqət çəkən bir məqam isə iş axtaran vətəndaşların narahatlığına, hətta narazılığına səbəb olub.

Bununla əlaqədar Oxu.Az-a müraciət edən oxucular da şikayətləniblər. Vətəndaşların narazılığına səbəb olan isə iş elanlarında “maksimum 27 yaş limiti”nin qoyulmasıdır. Bəzi hallarda şirkətdən, vəzifədən, hətta ştatdan asılı olmayaraq, yaşı 27-dən çox olan namizədlərin müraciət etməməsi haqqında bildiriş vurğulanır.

Maraqlıdır, sahibkarların bu tələbi qanunauyğundur? İşəgötürən yaş limiti qoymaqda sərbəstdir, yoxsa bu qanunla tənzimlənir?

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işəgötürənlər vakansiyalar elan edərkən işin xarakterinə görə müxtəlif tələblər (müvafiq sahədə ali təhsil, hərbi xidmət keçməsi və s.) müəyyən edə bilər.

“Lakin bu tələblər qanunvericiliyə zidd olmamalıdır. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Dövlət büdcəsindən maliyyələşən müəssisələr istisna olmaqla digər hallarda işçilər işə qəbul edilərkən yuxarı yaş həddi məhdudiyyətinin qoyulması yolverilməzdir, belə ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyən işçilər üçün çalışmanın yaş həddi 65 yaşdır. Həmçinin işəgötürən işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olması tələbini də qoya bilməz”, – deyə DƏMX-nin cavabında vurğulanıb.

Qurumun məlumatında o da qeyd edilib ki, işçilərlə əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişmək və xitam vermək işəgötürənin hüququdur. İşəgötürənin bu hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun fikrincə, normal qurum iş elanlarında niyə yaş limitinin vurğulanması anlaşılmazdır:

“Bəzi qurumlar sanki kadr bankı deyil, gənclər təşkilatı yaradırlar. Onlara işçi lazımdır, yoxsa gənclər birliyi? Əvvəlki illərdə iş elanlarında daha çox peşəkarlığa görə tələb qoyurdular, bunu haradasa anlamaq olar. Amma maksimum yaş tələbi olaraq, xüsusilə, 27 yaş tələbi niyə olmalıdır? Hesab edirəm ki, bu cür elan verənlərin məqsədləri aydın deyil. Normal biznesdə belə məntiqdən uzaq tələblər yoxdur. Əksinə, elə peşəkar, ciddi, nüfuzlu biznes qurumları var ki, daha çox təcrübəli, idarəetmə qabiliyyəti olan qocaman işçilər axtarırlar.

İş elanlarında namizədlərə “27 yaşa qədər olmalıdır” tələbi qoyulması tamamilə qanunsuzdur. Yaşa və cinsə görə məhdudiyyət yalnız qanunvericilikdə müəyyən olunmuş hallarda qoyula bilər, qalan hallarda bu, ayrı-seçkilik sayılır və məsuliyyət yaradır”.

Sahib Məmmədov onu da qeyd edib ki, namizədlər bu şikayətlə aidiyyəti qurumlara müraciət etdikdə, əksər hallarda haqlı olduqlarını sübuta yetirə bilmirlər:

“Çünki tutalım, elan verirlər, yaşı 27-dən çox olan şəxslər müraciət etməsin. 45 yaşı olan şəxs müraciət edir, götürmürlər, amma bunun yaşla əlaqədar olduğunu da etiraf etmirlər. Digər hansısa əsaslar gətirilir, sübut edilməsi mümkün olmur. Əksər şirkətlər müxtəlif bəhanələrlə, “sizə məlumat verəcəyik” deyərək, işçiyə dolayı “yox” cavabı verir. Ona görə də, yaşına görə işə götürülməyən namizəd məhkəməyə müraciət etsə belə, haqsızlığı sübut etməkdə çətinlik çəkir”.

Aysel Aslan

Share: