Xerson sakinləri işıqların kəsilməsinə baxmayaraq, küçələrə axışaraq tonqal başında Ukrayna Silahlı Qüvvələrinin şəhərə qayıdışını qeyd ediblər.
Görüntülər Ukraynanın “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin bir hissəsini tərk etdikdən sonra Ukrayna ordusu Xerson şəhərinə daxil olub.
Şəhər sakinləri Ukrayna hərbçilərini qarşılamaq üçün mərkəzi meydanlara toplaşıblar.
Mənbə: Unian
18:23
Xerson vilayəti Ukrayna ordusunun nəzarətinə qayıdır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin bəyanatında qeyd olunub.
“Xerson Ukraynanın nəzarətinə qayıdır, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olur”- Ukrayna Kəşfiyyat Baş İdarəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda o da deyilir ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və əlavə olunub ki, Ukrayna Silahlı Qüvvələrinə qarşı istənilən silahlı təxribatın qarşısı qətiyyətlə alınacaq.
17:50
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Xersonla bağlı paylaşım edib.
“Twitter” hesabındakı paylaşımında nazir bununla bağlı video yerləşdirib. Videoda Ukraynanın Xerson vilayəti yaxınlığındakı Belozerkada Rusiyanı təbliğ edən plakatın sökülməsi əks olunub. Kuleba plakatın üzərindəki “Rusiya həmişəlik buradadır” yazısı ilə bağlı şərh verib.
“Bu, tam olaraq belə deyil. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) da daxil olmaqla, dünyadakı hər kəsə bildirirəm: Ukrayna bu anda daha bir böyük qələbə qazanır və sübut edir ki, Rusiya nə desə və ya nə etsə də, Ukrayna qalib gələcək”, – deyə o, paylaşımında qeyd edib.
15:52
Ukrayna Silahlı Qüvvələrinin Xersona daxil olması barədə sosial şəbəkələrdə foto və məlumatlar paylaşılıb.
“Telegram” kanallarının verdiyi məlumata görə, müvafiq ilk foto Xersonun Şumen mikrorayonunda çəkilib.
Eyni zamanda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da öz “Telegram” kanalında 11.11.22 tarixini dərc etməklə eyham vurub.
13:08
Ukrayna Baş Qərargahı Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən yaşayış məntəqələrinin sayını açıqlayıb.
Baş Qərargah noyabrın 11-i səhər saatlarına olan əməliyyat icmalında Xerson vilayətində 12 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini təsdiqləyib.
Məlumata görə, bunlar Dudçanı, Pyatixatki, Borozenskoye, Sadok, Bezvodnoye, İşenka, Kostromka, Krasnolyubetsk, Kalinovskoye, Bobrovı Kut, Bezimyannoye və Blaqodatnoye yaşayış məntəqələridir.
Mənbə: Donpress