“İsraildəki səfirliyimizlə bağlı İranın bəyanatı siyasi riyakarlıq nümunəsidir”

“İsraildəki səfirliyimizlə bağlı İranın bəyanatı siyasi riyakarlıq nümunəsidir”

“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu cür çaşdırıcı bəyanatlarla İran yalnız fars mollakratiyasının dini istismar edən şovinistlərini aldada bilər:

“Ona görə ki, belə əsassız bəyanata yalnız onlar inanmaq istəyərlər. Nə İranda yaşayan milyonlarla soydaşlarımızı, nə də milyonlarla dindaş və məhzəbdaşlarımızı belə qabaqdangəlmiş bəyanatlarla aldatmaq olar. Dünyada yaşayan ən məzlum xalq heç də fələstinli qardaşlarımız deyil. Çünki onlar öz müstəqil dövlətlərini qurmaq üçün inamla mübarizə aparırlar və Azərbaycan da bütün beynəlxalq platformada fələstinli dindaşlarımızın haqlı davasında onları dəstəkləyir. Dünyanın ən məzlum xalqı molla rejimi altında əzilən İran xalqıdır ki, onların da içərisində ən məzlum və əzilənlər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər – bir sözlə, qeyri-farslardır”.

Deputat xatırladıb ki, fələstinlilərin öz dillərində təhsil almaq hüququndan başlamış, azad ibadət etmək haqlarına qədər bütün hüquqları tanınır:

“Ancaq aylardır ki, İranda mollakratiya tərəfindən zülmə məruz qalan müsəlmanlar öz haqlarını tələb etsə də onlara heç bir hüquq tanınmır. Tam əksinə, dar ağacına çəkilir, ağıla gəlməz işgəncələrlə ölümə məhkum edilirlər. Bu mənada İran parlamentinin Qüdsün işğalçı rejimi adlandırdıqları ilə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin, Zəncan əyalətinin və s. işğal edən mollakratiya arasında heç bir fərq yoxdur”.

H.Babaoğlu söyləyib ki, Xoyda baş verən zəlzələdən sonra öz vətəndaşlarını aclığa, susuzluğa məhkum edən molla rejimi ilə faşistin heç bir fərqi yoxdur:

“Suriyada, İraqda məhzəb fərqini əsas gətirərək bayır-bucaq türkmənlərinin, minlərlə müsəlmanın qanını tökənlərin İslamdan və islamiyyətdən xəbəri belə yoxdur. Əsl zülm bax budur”.

Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Qarabağda 30 illik işğal dövründə müsəlman dindaşlarının və məhzəbdaşlarının mal-mülkünü talan edib, müsəlmanların haqqına girən fars-erməni ittifaqının zülmü dünyanın ən böyük cinayəti və zülmüdür:

“Nəhayət, Qafanda konsulluq açıb məhzəbdaşlarının qanını tökən Ermənistana dayaq olan İranın heç bir haqqı yoxdur ki, Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etsin. Biz ümid edirik ki, İran parlamentində olan soydaşlarımız və soydaşımız olmayan əsl mömin dindaşlarımız özləri İranın bu riyakar mövqeyini ifşa edəcək. Əsrlərdir bir arada yaşamış İran və Azərbaycan xalqlarının qardaşlığını pozmağa icazə verməyəcəklər”.

Share: