Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda istehlaka yararsız heyvan cəmdəyini məhv edib.
Bu barədə AQTA-dan bildirilib.
Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən və Şirin Nizami oğlu Kərimliyə məxsus heyvan kəsimi məntəqəsində keçirilən baxış zamanı iribuynuzlu heyvanın ətinin və daxili orqanlarının istehlak üçün yararsız olduğu aşkarlanıb. Belə ki, məntəqəyə kəsim üçün gətirilən heyvanda ilkin klinik müayinə zamanı heç bir xəstəlik aşkar edilməsə də, kəsildikdən sonra ətin və daxili orqanların müayinəsi zamanı heyvanın Telerioz xəstəliyinə yoluxduğu müəyyən olunub.
Qeyd edilənlərə əsasən, akt tərtib edilib. Müvafiq qaydalara uyğun olaraq, heyvan cəmdəyi və daxili orqanları məhv edilib. Ərazi dezinfeksiya olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.