ITU Günəş maşını hazırlayan Cavad: “Made in Azerbaijan” brendi ilə layihələr düşünürəm”

ITU Günəş maşını hazırlayan Cavad: “Made in Azerbaijan” brendi ilə layihələr düşünürəm”

“Hazırladığımız maşın pilotsuz, yük daşıya biləcək vəziyyətə gələ bilər. Türkiyənin tanınmış şirkətlərindən biri bizim layihəni kuryer xidmətlərində istifadə üçün hazırlamağımızı istədi. Ancaq hələ ki gələn təkliflərə yox deyirik”.

Bunu Oxu.Az-a müsahibəsində Türkiyədə təhsil alan, ITU Günəş maşını və “Ariba Autonomous II Mahmud” layihələri üzərində çalışan 18 yaşlı tələbə Cavad İbrahimli deyib. Gənc istedadla müsahibəni təqdim edirik:

– Nə qədər müddətdir ki, Türkiyədəsiniz?

– 2021-ci ildə Bakı şəhər, Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbi bitirmişəm. Eyni ildə İstanbul Texniki Universitetinin Elektronika və kommunikasiya mühəndisliyi fakültəsinə qəbul olmuşam. İki ildir, Türkiyədə yaşayıram, hazırda üçüncü kurs tələbəsiyəm.

– Sonuncu paylaşımınız geniş auditoriya tərəfindən çox bəyənilib.

– Sözün düzü, bu qədər maraq toplayacağını düşünmürdüm. Çünki mən daha çox kibertəhlükəsizlik sahəsinə yönəlməyi düşünürəm. Amma İstanbul Texniki Universitetində olan dostlarım məndən niyə universitetin elektronika ilə bağlı müxtəlif komandalarından birinə qoşulmadığımı soruşdular. Bu universitetdə ciddi mənada işə həvəs göstərən, yüksək nailiyyətlər qazanan, uzun illərdir tələblərin formalaşdırdığı komandalar var. Fərqli arenalarda ölkəni beynəlxalq tədbirlərdə təmsil ediblər.

Əvvəl bu fikrə bir qədər şübhəli yanaşdım, çünki fərdi çalışırdım. Elə oldu ki, ITU Günəş maşınının hazırlanması ilə bağlı həmin komandalar arasında şirkət kimi çalışan “Avtomatlaşdırılmış Sistemlər Qrupu”na müraciət etdim. Müraciətim qəbul etdikdən sonra mənə bir layihə verdilər və daha sonra müsahibələr oldu. Ciddi mənada mən bu sahəyə olan sevgimi göstərməli idim. Bu, onların məni komandalarına qəbul etmələri üçün önəmli idi.

– Nə qədər davam etdi özünüzü onlara sübut etməyiniz?

– Bu müddət iki aya qədər uzandı. Həmin dövrdə tez-tez emalatxanaya gedib-gəlirdim. İş mühiti intizam baxımından bir şirkətdə işləməkdən daha çətin idi. İki həftə ərzində deyilən layihəni təhvil verdim. Bir neçə texniki müsahibədən də keçdim və nəhayət bitdi. Mən avtomatlaşdırma sistemləri ilə bağlı komandaya qəbul olundum. Hazırda stimulyasiya testlərini edən gənclərdən biri də mənəm.

– Necə oldu ki, sizdə bu sahəyə belə maraq yarandı?

– Uşaq yaşlarımdan bloq üçün məqalə yaza biləcəyim saytlarda vaxt keçirməyi sevirdim. Qazandığım texniki bilikləri iki fərqli saytdan öyrənirdim və özüm də bir sıra bloq məqalələri yazırdım. Bu platformalar üzərindən insanlarda maraqlı təəssürat yaratmaq xoşuma gəlir.

– Xüsusilə sosial şəbəkələrdə 14.04.2023 tarixində aylarla əmək sərf etdiyiniz və nəticənin verdiyi xoşbəxt emosiyalarla dolu paylaşımınıza qayıdaq. Böyük ehtimalla bu, layihənizin təqdimat günü idi, elədir?

– Maşın, demək olar ki, hazır vəziyyətdədir. Hətta bu layihəmiz ilə bir neçə müsabiqədə iştirak etmişik. Tam olaraq demək olmaz ki, təqdimat idi, sadəcə, fotoların sosial şəbəkədə ictimailəşdirildiyi günə təsadüf edir. O gün müsabiqəyə qatılmışdıq və onu da qeyd edim ki, qatıldığımız müsabiqədə uğur qazandıq. Sadəcə, biz hazırladığımız maşının üzərində dayanmadan təkmilləşdirmə işləri aparırıq. Paylaşımın da səbəbi budur.

– ITU Günəş maşını, avtomatlaşdırılmış maşınlar ailəsinin ikinci üzvü “Ariba Autonomous II Mahmud” barədə paylaşımlar görürük. Bu layihə üzərində işləmək fikri nə zaman gəldi? Layihənin ərsəyə gəlməsinə nə qədər zaman sərf edildi?

– Əslində, ITU Günəş maşınının hazırlanmasını “Avtomatlaşdırılmış Sistemlər Qrupu” komandası 2004-cü ildən planlaşdırır. Komanda 19 ildir, fəaliyyət göstərir. Şirkət formatında çalışdığımız üçün özünün ciddi sponsorları var. Güclü maliyyə dəstəyi alan layihədir. Komandanın əsas hədəfi Günəş enerjisinin maşınlarda tətbiq edilməsidir. Bununla bağlı iki ildən bir Avstraliyada keçirilən dünyanın ən böyük Günəş enerjisi ilə çalışan maşınların yarışına qatılırıq. Bu, ciddi mənada məsuliyyətli işdir. Müsabiqədə Harvard, Oksford və s. kimi güclü universitetlərin komandaları bizə rəqib olurlar.

Bizim komanda Türkiyəni layiqincə təmsil edə bilir. Bu komanda 100% Günəş enerjisi ilə çalışan maşınlarla yanaşı, qismən Günəş enerjisi ilə çalışan, lakin avtomatlaşdırılmış maşınların üzərində də işləyir. Biz bu avtomatlaşdırılmış maşına “Ariba Autonomous II Mahmud” adını vermişik. Hamı niyə “İkinci Mahmud” olduğunu soruşur. Aydınlıq gətirim ki, bu modelin ilk versiyası daha kiçik ölçüdə idi və əvvəlki məzunlar tərəfindən hazırlanmışdı, adı da “I Mahmud” idi. Ona görə biz bu modeli daha müasir formada hazırlayıb “II Mahmud” adlandırdıq.

– Bəs “Ariba Autonomous II Mahmud” layihəsinin əsas məqsədi nədir?

– Əsas məqsəd – Günəş enerjisinin maşınlara inteqrasiyasına diqqəti çəkməkdir. Komandamız ilbəil böyüyür və sıralarımıza yeni tələbələr qatılırlar. Bunun da səbəbi komandanın məzun üzvlərini gələcəkdə əvəz edə biləcək kadrların yetişdirilməsidir. Bundan başqa, bizim əsas maşınımız olan ITU Günəş avtomobilimiz “Avropa Günəş maşını” müsabiqəsində üçüncü yerə layiq görüldü. Güclü komandaların içərisində bizim ilk “üçlük”də qərarlaşmağımız böyük uğurdur. Bizim layihəmiz çərçivəsində hazırlanan maşınlardan biri sırf Avstraliyada olan müsabiqəyə hazırlanır. Maşının hədəfi səkkiz gün ərzində Avstraliyanın bir ucundan digər ucuna təqribən 3 500 km məsafəni qət etməkdir. Bu, çox məsuliyyətli iş olacaq.

– Günəş enerjisindən istifadə edərək hansı altsistemləri enerji ilə təchiz etmisiniz?

– Bilirsiniz, yarışdığımız dünyanın ən yaxşı universitetlərinin komandaları idi. Günəş enerjisi konsepsiyasından çıxmaq olmazdı. Biz də həmin konsepsiyanı qorumaqla, avtomatlaşdırılmış şəkildə hərəkət edə bilən, “Tesla” bənzəri üçüncü ya da dördüncü səviyyədə maşın hazırlamağa çalışdıq. Buna görə də maşını dizayn edərkən arxa hissəsinə Günəş paneli yerləşdirdik. Alt panellər dedikdə işıq və əyləc sistemlərini nəzərdə tutursunuzsa, onu da düşündük. Günəşin verdiyi enerji sayəsində maşını əsas enerji xəttinə bağlamadan tamamilə işıqlandıra və əyləc sistemini işlədə bilirik. Bu, ciddi mənada unikal metoddur. Gələcəkdə hazırlayacağımız maşında bu sistemi daha da təkmilləşdirərək irəli səviyyələrə aparmaq istəyirik.

– Bu layihə ilə hansı müsabiqələrdə iştirak etmisiniz?

– “Avtomatlaşdırılmış Sistemlər Qrupu” olaraq “Teknofest” yarışına qatılmışıq. “Ariba Autonomous II Mahmud” bu yarışda uğur qazanıb. Müsabiqələrdə iştirak zamanı diqqət etdiyimiz məqamlardan biri yüksək vəsaitin ayrılmasıdır. Çünki bu maşınların detallarını çap etdirdiyimiz zaman bizə müəyyən məbləğdə dəstək gəlir. Ötən il müsabiqəyə qəbul olunmuş 33 layihədən 13-ü bizim komandalara aid olub. Bu, yaxşı nəticə hesab olunur. Rumıniyada keçirilən müsabiqəyə hazırlıq ərəfəsindəyik və artıq may ayında komandamız həmin müsabiqədə iştirak üçün səfərə gedəcək.

Bundan əlavə, layihəmizlə ekomarafona qatılmağı düşünürük. Bu proyektdə məqsəd 1 km üzərində yanacağın və enerjinin ən səmərəli şəkildə sərfiyyatını təmin etməkdir. Buna isə daha yüngül maşın lazımdır və biz artıq yeni layihənin üzərində işləyirik. Gələn il hazır olacaq maşınla bu yarışa qatılacağıq. Digər bir maşınımız isə oktyabr ayında Avstraliyada baş tutacaq yarışa hazırlanır. İki illik bir hazırlıq prosesinin sonunda düşünürük ki, o yarışdan da uğurlu nəticə ilə geri dönəcəyik. Avropada olan müsabiqələrdən artıq bir qədər rahatıq. Çünki təqdim etdiyimiz layihə çox uğurludur.

Bundan başqa, dörd il boyunca ABŞ-də keçirilən yarışa qatılmağı düşünürük. Komandamız ona verilən istənilən maşını avtomatlaşdırılmış vəziyyətə gətirməli və onunla yarışmalı olacaq. Biz bunu xüsusi cihazlar və kodlar sayəsində edəcəyik. Bu müsabiqədə qazanacağımız uğur bizə çox ciddi məbləğdə mükafat gətirəcək.

– Növbəti hədəf ilk dəfə Türkiyə sərhədlərindən kənarda keçirilən yarışın finalına çıxan komanda kimi Rumıniyada uğurlu nəticə əldə etməkdir. Rəqib gördüyünüz layihə hansı komandaya məxsusdur?

– Bu yarış çox çətin olacaq. Bizimlə bərabər finala çıxan komandalar haqqında araşdırma apardıq. Onlardan bir neçəsi bu yarışı daha əvvəl qazanıb. Düşünürəm ki, iddialıdırlar. Bizim də iddiamız böyükdür. Ən azı, ilk “üçlüy”ə düşməyi planlaşdırırıq. Rumıniyada təxminən 10 gün yarışacağıq. Yeddi gün yarışa, üç gün isə testə ayrılacaq. İnsanların nələr edə biləcəyini təxmin edə bilmirik. Günəş maşını ilə 2004-cü ildən bir çox yarışlara qatılmaqla özümüzə görə reputasiya qazanmışıq. Komanda olaraq bizə köməklik göstərən ustadımız bildirdi ki, qatıldığı müsabiqənin finalına qalıb ölkəni xaricdə təmsil edən ilk komanda biz olacağıq. Bu da bizə ayrı bir motivasiya verir.

– Bu avtomobilin patentini almaq istəyən şirkətlər olubmu?

– Bəli, müxtəlif iş adamları bizə bununla bağlı müraciət edirlər. Onlar bizdən bu avtomobili istehsal şəraitinə hazırlamağımızı da istəyiblər. Lakin komanda olaraq biz hələ ki gələn bənzər təkliflərə yox deyirik. Bu gün hazırladığımız maşın pilotsuz, yük daşıya biləcək vəziyyətə gələ bilər. Türkiyənin tanınmış şirkətlərindən biri bizim layihəni kuryer xidmətlərində istifadə üçün hazırlamağımızı istədi. Xaricdə bir neçə şirkət insan olmadan idarə edilən və avtomatlaşdırılmış kuryer xidməti göstərən sistemləri tətbiq edir.

İrəliləyən zamanlarda bu layihənin Türkiyə bazarına necə daxil olacağı bəlli deyil. Lakin bizə artıq bu istiqamətdə ciddi sifarişlər və məbləğlər təklif edilir. Bu gün bizim maşının layihə olaraq dəyəri bir neçə milyon lirə təşkil edir. Çünki içərisində olan müasir, həssas sensorların, cihazların qiyməti bahadır. Bu avadanlıqların qiyməti də günbəgün artır.

– Layihənin işlənib-hazırlanmasına və nümunənin ərsəyə gəlməsinə nə qədər vəsait sərf olunub?

– Günəş panelləri, eləcə də Günəş şüalarından müdafiə üçün çəkilən qoruyucu örtük çox vəsait tələb edib. Bununla yanaşı, digər cihazlar da təkmilləşdirilmə zamanı yeniləri ilə əvəz olunmalıdır. Layihələrin hazırlanması ilə yanaşı, daha çox vəsait yarışlara qatılarkən gərək olur. Avstraliyada keçiriləcək müsabiqəyə komandamızdan 30 nəfər qatılacaq. Təsəvvür edin, bir nəfər üçün Avstraliyaya bilet 40 min lirəyə başa gəlir. Ölkə xaricində keçirilən bir müsabiqəyə qatılmaq üçün yalnız səyahətə bir neçə milyon lirə vəsait gərəkdir. Biz bunu sponsorların köməyi ilə edirik. Artıq 100-ə yaxın sponsorumuz var və onlar bizim bir sıra xərclərimizi qarşılayırlar.

Bəziləri isə layihədə istifadə edilən cihazların alınması üçün xərcləri qarşılamağı öz öhdələrinə götürürlər. Amma yeni sponsorlara ehtiyacımız var. Sponsorlara maraqlı olsun deyə onların adları yarışa qatılan maşınların üzərinə vurulur. Bu da düşünürəm ki, tərəfimizdən onların dəstəyinə verdiyimiz dəyər kimi qiymətləndirilə bilər.

– Söhbətimizin əvvəlində kibertəhlükəsizlik sahəsinə marağınızın olduğunu xüsusilə vurğuladınız. Bəs bu qədər qazanılan uğurlar necə, fikirlərinizi dəyişə bilibmi? Avtomobil sahəsinə yönəlməyi düşünürsünüz, yoxsa yenə də kibertəhlükəsizlik sizin üçün prioritet olaraq qalır?

– Qarşıdakı hədəflərim, elə dediyim kimi, kibertəhlükəsizlik olaraq qalır. Sadəcə, avtomatlaşdırma ilə kibertəhlükəsizlik sahəsini birləşdirəcək ortaq mühit axtarmağa başladım. “Tesla”, “Mercedes” kimi brendlərin iş elanlarında avtomatlaşdırılmış maşınlar üçün kibertəhlükəsizlik mütəxəssisi axtarıldığını gördüm. Təbii ki, bunu araşdırmağa başladım. Çünki bizim hazırladığımız maşın müəyyən internet protokollarla işlədiyi üçün kiberhücuma açıqdır. Özəlliklə “Tesla” kimi şirkətlərin məhsullarının kiberhücumlara məruz qalması adi hal alıb. Odur ki, mənim üçün kibertəhlükəsizlik sahəsində bu istiqamətdə çalışmaq çox böyük təcrübə ola bilər.

– Gələcəkdə Azərbaycan üçün “Made in Azerbaijan” brendi altında layihə hazırlamağı düşünürsünüzmü?

– Bütün layihələrlə yanaşı, bəli, “Made in Azerbaijan” brendi ilə layihələr hazırlamağı düşünürəm. Sadəcə olaraq, bu gün üçün qazanılan uğurların, patentin ölkəyə, yaxud şirkətə məxsus olduğu dəqiq olaraq bilinmir. Biz komanda olaraq çalışırıq. Amma gələcəkdə ölkəm adına, əzizlərimə həsr etdiyim bir layihə olmasını istəyərəm. Mövcud rejimdə edə biləcəklərimin ən gözəlini etməyə çalışıram. Zaman bizə hələ çox sürprizlər göstərəcək deyə düşünürəm.

Bu gün bu sektorun əmək bazarında çox güclü proqramçılar var, amma sayları azdır. Maşını proqramlaşdırmaq üçün Azərbaycan bazarında da mütəxəssislər çox azdır, demək olar ki, yoxdur. Öz növbəsində, maşının proqramlaşdırılması da yüksək vəsait tələb etdiyindən şirkətlər bundan qaçır. Amma bu işin fərqli və dəyərli olması onları qorxutmasın. Sahəyə marağı olanlara fərqli universitetlərin laboratoriyalarına, araşdırmaları rahat apara biləcəkləri institutlara müraciət etməyi tövsiyə edirəm. Bu, praktiki sahədir və düşünürəm ki, marağı olanlar fürsətləri mütləq dəyərləndirməlidirlər. Mən bu sahə üzrə professorlarla əlaqə saxlayıram, onlar çox sadə insanlardır. Bilik və bacarıqlarını yeni, gənc kadrlarla bölüşür, istiqamət verirlər. Bu işi nəzəri cəhətdən öyrənməklə təcrübədə tətbiq etmək çox fərqlidir. Odur ki, mütləq praktiki məşğul olmaq lazımdır. Bu sahəyə yönələcək olan hər kəsə uğurlar arzu edirəm.

Könül Cəfərli

Share: