Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq

Ötən gün Kəlbəcər rayonunun Alagöllər adlı ərazisində burulğan qeydə alınıb. Təbiət hadisəsi həvəskar kameraların obyektivinə tuş gəlib.

Maraqlıdır ki, bu günə kimi Azərbaycanda tornadonun baş verməsinə dair məlumatlara rast gəlinmir. Bəs müşahidə olunan bu təbiət hadisəsinə səbəb nədir?

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqlimşünas Məhərrəm Mehtiyev bildirib ki, ətraf mühitə zərbələr və təsirlər günü-gündən artır:

“Məsələ təkcə iqlim dəyişmələri problem deyil, eyni zamanda biomüxtəlifliyə dəyən ziyan, yaşıllıqların şüurlu şəkildə azaldılmasıdır. İşğaldan azad edilən ərazilərdəki meşələr işğal altında olduğu dövrdə yandırılaraq, kəsilərək məhv edilib. Bu vəziyyət də ərazilərdə iqlim dəyişmələri probleminə səbəb olub. Artıq Azərbaycanda orta illik temperatur 1,1 dərəcə qalxıb ki, bu özü böyük bir problemdir”.

İqlimşünasın sözlərinə görə, biomüxtəlifliyin azalması, torpaqlarımızın səhralaşması kimi problemlər tornado və bir çox bizə tanış olmayan təbiət hadisələrinə gətirib çıxaracaq:

“Biz xalq və dövlət olaraq birləşib bu problemin öhdəsindən birgə gəlməliyik. İqlim dəyişmələrinə əsas səbəb atmosferdə olan karbon qazının artmasıdır. Yanacağın emalından əmələ gələn karbon qazı atmosferə atılır, belə olan halda bizim ilk işimiz atmosferə atılan karbon qazını azaltmaqdır. Bunun üçün də fərqli texnologiyalar var. Həmin texnologiyalar vasitəsilə karbon qazı tutulur və ondan səmərəli istifadə edilir”.

Ekspert əlavə edib ki, təkcə energetikadan 11 milyon ton karbon qazı atmosferə atılır:

“Kütlə çox böyük olduğu üçün onun hamısını sərfəli istifadə etmək mümkün deyil. Maksimum beş milyon tonu istifadə oluna bilər. Yerdə qalan altı-yeddi milyon ton karbonu tutub bizdəki neft-qaz yataqlarındakı tükənmiş laylara vurmaq ən yaxşı üsullardan biridir”.

M.Mehtiyev qeyd edib ki, daha bir yol isə alternativ və bərpa olunan enerjiyə keçməkdir:

“Daha ideal variant kimi görünsə də, bu, iqtisadi və ərazi cəhətdən mümkün deyil. Həmin texnologiyaların da ən yenisi lazımdır. Bərpa olunan enerji böyük miqdarda atom elektrik enerjisi tələb edir ki, bu da böyük vəsait deməkdir. Məhz buna görə əhalinin güzəranını pisləşdirə bilmərik”.

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA-ya açıqlamasında qeyd edib ki, Kəlbəcərdə qeydə alınan təbiət hadisəsi bizim iqlim üçün xarakterik deyil.

“Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir.

ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilirlər. Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə, Alagöl üzərində müşahidə edilib. Böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı.

Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi, bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər”, – deyə Səid Səfərov əlavə edib.

Aysel Aslanqızı

Share: