32 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı – Eybel Tesfaye) Los-Ancelesdə solo konsertində anidən səsini itirib. Onun konsertin əvvəlində səsi batıb.
Sənətçi “Alone again” adlı ilk mahnısını ifa edərkən səsində problemlər yaşamağa başlayıb. Lakin ifasını davam etdirib. İkinci kompozisiyasının ifası zamanı isə səhnəni tərk edib.
Bir müddət sonra The Weeknd yenidən 70 min tamaşaçı qarşısına çıxıb və səsini itirdiyinə görə şounu ləğv etmək məcburiyyətində qaldığını açıqlayıb. Eyni zamanda biletlərin pulunun pərəstişkarlarına qaytarılacağını vəd edib. İfaçı tezliklə yeni konsert verəcəyinə də söz verib.
“Bu məni öldürür, şounu dayandırmaq istəmirəm, amma indi sizə istədiyim konserti verə bilmərəm. Mən çalışacam ki, hər şey yaxşı olsun. Pulunuzu geri alacaqsınız. Amma çox yaxında sizin üçün şou-konsert verəcəm”, – deyə musiqiçi elan edib.
Daha sonra o, öz “Twitter” hesabında pərəstişkarlarından üzr istəyib. Tesfaye səsinin itməsinin onun içində sonsuz “boşluq yaratdığını” əlavə edib.
Mənbə: Lenta.ru