“Kaspi”nin “kiçik ölüm” ARAŞDIRMASI: Yuxu və ədəbiyyatdakı reallığı

“Kaspi”nin “kiçik ölüm” ARAŞDIRMASI: Yuxu və ədəbiyyatdakı reallığı

“Onun qəhrəmanı ölümdən əvvəl yuxular görür. Əsərdə yuxu ilə gerçək arasındakı sərhəd ortadan qalxır. Dünən bu günə, bu gün də keçmişə keçir. Və ümumiyyətlə, onun əsərlərində yuxu və ölüm özünəməxsus metaforalardır. Və sanki o özü obrazlarını daim narahat yuxulara hazırlayır”.

Ədəbiyyatda bir çox mövzular, motivlər dəbdədir ki, onların içində yuxu ta qədimlərdən daha çox işlənir. Ədəbi yuxular müxtəlif xalqların və dövrlərin ədəbiyyatında həmişə özünü təzahür edib. Şumerlərin “Gilqameş” dastanında, “Əhdi-ətiq”də, Misirin, Assuriyanın, Hindistanın qədim mətnlərində mühüm rol oynayır. Ümumiyyətlə, yuxu və yuxu yozmaq bütün dövrlərdə insanları düşündürüb. Yuxudan nəinki ədəbiyyatda istifadə ediblər, həmçinin də yuxu özü ayrıca bir elm kimi daim araşdırılıb. İnsanların yuxu haqqında fikirləri yazıçıları bu motivi ədəbiyyata gətirməyə sövq edib. Puşkinin “Yevgeni Onegin” poemasında, İvan Qonçarovun “Oblomov”, Lev Tolstoyun “Anna Karenina”, Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, “Cinayət və cəza” və yüzlərlə digər əsərlərdə yuxu motivləri var. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Ədəbiyyatda aparıcı rol

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal deyir ki, yuxu qədim zamanlardan ən sirli və cəlbedici hadisələrdən biri olub və həmişə də məna kontekstlərində öyrənilib: “Bunu filosoflar öyrənib, mistiklər öyrənib, təsəvvüf şairləri öyrənib. Amma ən çox öyrənən Ziqmund Freyd və Karl Qustav Yunq olub. Bu mövzu həm ədəbiyyatda, həm də elmi ədəbiyyatda çox istifadə olunur.

Yuxu İncilin haradasa 30 faizini, yəni mühüm bir hissəsini təşkil edir. Rus klassik ədəbiyyatında, demək olar ki, elə bir əsər yoxdur ki, orada yuxu motivi olmasın. Yuxu həm süjetqurmada, həm də qəhrəmanın xarakterlərinin açılması üçün istifadə olunur. Yuxudan qəhrəmanın fərqli dünyalara fərqli məna kontekstinə düşməsində yararlanırlar. Yuxu, bəlkə də, ədəbiyyatda ən aparıcı rollardan birini oynayır. Avropa ədəbiyyatında sürrealistlər bundan çox istifadə ediblər. Azərbaycan klassik ədəbiyyatında Nizami Gəncəvinin “Xəmsə”sində, “Kitabi Dədə Qorqud”da yuxu məsələsinə çox rast gəlinir. Məsələn, “Salur Qazanın evinin yağmalanması” boyunda Salur Qazanın yuxusuna girir ki, onun evini düşmən yağmalayacaq. Və yuxusu çin olur.

Yuxu özü həm də metaforadır. Yuxu ölümün metaforasıdır. Yuxuya getmək müvəqqəti ölüm deməkdir. Və “Kitabi Dədə Qorqud”da da yuxuya “kiçik ölüm” deyirlər. Bizim nənələrimiz yuxudan öncə həmişə kəlmeyi-şəhadət oxuyublar. Yəni kiçik ölümə hazırlaşıblar. Düşünüblər ki, yuxudan ayılmaya da bilərlər”.

Xatirələrdəki boşluq

“Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində iki böyük yazıçımız – Cəlil Məmmədquluzadə və Əbdürrəhman bəy Haqverdiyev də yuxu motivindən istifadə ediblər” deyir Rüstəm müəllim: “Haqverdiyevin hətta “Yuxu” adında hekayəsi də var. Qəribə və mistik hekayədir. Amma Mirzə Cəlildəki yuxular bir qədər kinayə kontekstindədir. Məsələn “Hürriyyət” hekayəsi.

Sonrakı Azərbaycan ədəbiyyatında yuxu motivindən ən çox süjetin mistik tonallığını saxlayan, fəlsəfəsini müəyyənləşdirən Yusif Səmədoğludur. Yəni Yusif Səmədoğluda yuxu bütün mətnin aurasını özünə çəkir. “Qətl günü” romanını götürək. Yuxu zahiri süjet xətti üçün bir hadisə, bir tarix öncəsidir. Onun qəhrəmanı ölümdən əvvəl yuxular görür. Yusif Səmədoğlunun yuxusu qəhrəmanın xatirələrindəki boşluğu doldurur. Əsərdə yuxu ilə gerçək arasındakı sərhəd ortadan qalxır. Dünən bu günə, bu gün də keçmişə keçir. Və ümumiyyətlə, onun əsərlərində yuxu və ölüm özünəməxsus metaforalardır. Və sanki o özü obrazlarını daim narahat yuxulara hazırlayır. Məhz yuxular ölüm məkanının sərhədlərini şəffaflaşdırır”. 

Ağlayan gözümüzə yuxu gəlsəydi

Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy deyir ki, yuxu və yozumları ayrıca bir elmdir və həmin elm tərəfindən izah olunur: “Amma ədəbiyyatda yazıçılar, şairlər bu mövzuya çox toxunurlar. “Qurani-Kərim”in “Yusif” surəsində yuxu yozulması qabiliyyətinin Yusif peyğəmbərə verilməsi faktı var. Və bu, doğrudan da, ciddi bir məsələdir. Bundan başqa, Quranda deyilir ki, insan yatarkən biz onun ruhunu  alarıq. Əgər ömür tamam deyilsə, qaytararıq və o, yuxudan oyanar. Yuxunun mahiyyəti Quranda müvəqqəti ölüm kimi təzahür olunur. Yuxuya diqqət ayırmaq, yuxunun mənasını, məğzini öyrənmək, yozmaq alimlərin qarşısında bir məsələ kimi həmişə dayanıb. Və alimlər bunu orta əsrlərdə çox gözəl işləyiblər. Məsələn, yuxuların sinifləşməsini götürək. Yuxuların günün hansı saatlarda görülməsi vacib şərtdir. Bu, yuxunun çin olub-olmayacağına işarə edən səbəblərdən biridir. Dastanlarımızda, əsərlərimizdə yuxuya çox müraciət ediblər. Məsələn, Füzulinin “Leyli və Məcnun” əsərində Leyli ilə Məcnun səhrada görüşürlər. Müəllif deyir ki, bu görüşə yuxu demək olardı, əgər ağlayan gözümüzə yuxu gəlsəydi. Yuxu elm kimi alimlər tərəfindən çox araşdırılıb. Bu sahədə ən çox Ziqmund Freydin araşdırmaları məşhurdur”.

Share: