“Bu əsrin sonuna qədər Yer kürəsindəki bütün canlı növlərinin dörddəbirindən çoxunun nəsli kəsiləcək”.
Bu qorxunc proqnoz Kanadada keçirilən BMT-nin Bioloji Müxtəliflik Konfransında (COP15) avropalı alimlər tərəfindən verilib.
Onların sözlərinə görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli hissəsi yox olacaq.
Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.
Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə “virtual Yer” modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin 10 faizi yox olacaq, 2100-cü ilə qədər bu nisbət 27 faizə çatacaq.
Araşdırmada iqlim dəyişikliyi və artan insan fəaliyyətləri səbəbindən Yer kürəsi tarixində planetin 6-cı kütləvi yox olma prosesinə girdiyi diqqətə çatdırılıb.
“Bu gün doğulan uşaqlar 70 yaşına çatanda minlərlə bitki növünün və kiçik böcəklərdən tutmuş fillərə, koalalara qədər minlərlə canlının nəslinin kəsildiyinin şahidi olacaqlar”, – deyə tədqiqat qrupundan biri olan professor Kori Bredşou xəbərdarlıq edib.
Tədqiqatlardan aydın olub ki, son bir əsrdə hər il orta hesabla iki növ onurğalının nəsli kəsilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, planetimizdə 42 mindən çox növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Yer kürəsi öz tarixi boyu beş kütləvi yox olma hadisəsi yaşayıb. Bunlardan ən məşhuru 66 milyon il əvvəl meteoritin Yerə düşməsi ilə dinozavr növlərinin məhvidir.
Mənbə: Haber Global