Kiyevdə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının məhkəmə iclası keçirildi

Kiyevdə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının məhkəmə iclası keçirildi

Bu gün Kiyev şəhər apelyasiya məhkəməsində bir ildən çoxdu həbsdə istintaq altında saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və onunla birlikdə Sübhan Quliyevin növbəti məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının apelyasiya müraciəti əsasında hakim Yelena Sitaylonun sədrliyi ilə baş tutan prosesdə Misir Qasımlı və Sübhan Quliyevin özləri prosesə gətirilməyib, səbəbi isə izah olunmayıb.

UABD-nin nümayəndəsi Fail Abidov açıqlamasında bildirib ki, müdafiə hər iki təqsirləndirilən şəxsin özləri olmadan prosesin keçirilməsinə etiraz etdikləri üçün proses sentyabrın 27-ə təxirə salınıb:

“Təşkilatımızın müraciəti ondan ibarətdir ki, qazimiz və onunla birlikdə saxlanılan həmyerlimiz ilə bağlı əvvəlki qərar dəyişilsin, zaminə buraxılsın. Bir ildən çoxdur hər iki həmyerlimiz heç bir sübut olmadan saxlanılır, hər dəfə də istintaqın vaxtı uzadılır”, – deyə, o əlavə edib.

Məhkəmə prosesində saxlanılanların yaxınları və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Qeyd edək ki, bir ildən çoxdur Ukraynada saxlanılan hər iki Azərbaycan vətəndaşı heç bir sübut təqdim olunmadan istintaq altında saxlanılır.

 

Share: