Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşları tərəfindən yeddi kiloqramdan artıq narkotik və silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirdikəri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, bir ədəd “TOZ 8” markalı silah və silaha aid 24 ədəd patron aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə İ.Abasovun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.