Mahaçqala-Kaspiysk avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna çıxmamağı xahiş edir”.

Bu barədə Dağıstan Respublikası hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

“Mahaçqala hava limanında baş vermiş hadisə ilə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik. Hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri hadisə yerində işləyir. Eyni zamanda, biz respublika sakinlərini destruktiv qrupların təxribatlarına uymamağa və cəmiyyətdə çaxnaşma yaratmamağa çağırırıq”, – deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, bazar günü axşam Federal Hava Nəqliyyatı Agentliyi naməlum şəxslərin platformaya daxil olması səbəbindən Mahaçqala hava limanının gəliş və uçuş reyslərinə xidmət göstərmək üçün müvəqqəti bağlandığını elan edib.

Öz növbəsində, Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlar edildikdən sonra Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidməti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə cinayət işinin başlanıldığını elan edib.

Mənbə: “Interfax.ru”

00:09

Mahaçqala hakimiyyəti yerli hava limanı ərazisində kütləvi iğtişaşların təşkili ilə bağlı ciddi problemlə üzləşib. İcazəsiz aksiyaların keçirilməsinə dair çağırışlar edildikdən sonra hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açmaq qərarına gəliblər.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (DİN) Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, hakimiyyət bu addımı Mahaçqala aeroportunun ərazisində icazəsiz aksiyaların keçirilməsi ilə əlaqədar çağırışların sosial şəbəkələrdə yayılmasından sonra atıb.

“Bu, hakimiyyətdə ciddi narahatlıq yaradıb və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Polis və Federal Təhlükəsizlik Xidməti (FTX) bu işi fəal şəkildə araşdırmağa başlayıb. Müəyyən olunub ki, aksiyaların təşkilatçıları bir qrup insanı hava limanı ərazisində iğtişaşlar törətmək üçün səfərbər etməyə çağırışlar ediblər. Baş verə biləcək hadisələrin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səlahiyyətli orqanlar dərhal bütün lazımi tədbirləri görüb. İstintaq zamanı müəyyən olunub ki, aksiyanın təşkilatçıları sosial şəbəkələr vasitəsilə mitinqin yeri və vaxtı barədə məlumatlar yayıblar. Bu, internet istifadəçiləri arasında böyük rezonans doğurub və hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. İndi polis və FTX aksiyaların bütün iştirakçılarının, həmçinin təşkilatçılarının müəyyən edilməsi üzərində işləyir”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, iğtişaşlarda iştirak edən bütün şəxslər qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar.

Mahaçqala hakimiyyəti ictimai asayişi pozmaq və vətəndaşların təhlükəsizliyini təhdid etmək cəhdlərinin qarşısını bundan sonra da almaq niyyətindədr.

Mənbə: “Newsland.com”

29.10.2023, 23:26

Mahaçqala hava limanı müvəqqəti bağlanıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.

Agentliyinin bəyanatında deyilir ki, Mahaçqala hava limanı aerodroma icazəsiz giriş səbəbindən bağlanıb. Təyyarələr alternativ aerodromlara yönləndirilir.

Mənbə: “Interfax”

22:48

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

“Telegram” kanallarında bu barədə yayılan videolardan aydın görünür ki, İsraildən gələn təyyarəyə etiraz edən dağıstanlılar polis müdaxiləsinə baxmayaraq, Mahaçqaladakı hava limanına daxil olublar.

Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və İsrail əleyhinə şüarlar səsləndirirlər.

22:19

Yüzlərlə Dağıstan sakini İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının hüquq-mühafizə orqanları hava limanına əlavə qüvvələr cəlb edir.

“İnsanlar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tuturlar”, – deyə “Teleqram”da yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, hava limanına toplaşmaq üçün təxribat xarakterli çağırışlar yerli resurslar adı altında xarici ictimai səhifələr tərəfindən yayılıb.

Digər mənbədən verilən məlumata görə, toplaşanlar İsraildən gələn şəxsləri müəyyən etmək üçün sərnişinlərin sənədlərini yoxlayırlar. İsraildən gələn təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün hava limanına OMON yerləşdiriləcək.

Qeyd olunur ki, Kaspiysk və Mahaçqala Daxili İşlər Nazirliyinin şöbələrində gücləndirilmiş iş rejimi elan edilib.

Mənbə: ura.news

Share: