Makronun niyyəti Cənubi Qafqazda Rusiyanın əvəzləmədir?

Makronun niyyəti Cənubi Qafqazda Rusiyanın əvəzləmədir?

“Fransa uzun müddətdir ki, Azərbaycana, bütövlükdə türk dünyasına qarşı qərəzli mövqedən çıxış edir. Əslində, XX əsrin əvvəllərindən, Birinci Dünya müharibəsi dövründən başlayaraq Fransa həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Hətta Fransanın ATƏT-in Minsk qrupunun həmsədri seçilməsi də prosesi dəyişmədi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib. Politoloq qeyd edib ki, Fransanın niyyəti geopolitik baxımdan normadan artıq iddialı görünmək və Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdir:

“Rusiyanı əvəzləməyə çalışır. Makronun diplomatik sahədə yetərli təcrübəsinin olmaması, öz dövlətinin maraqlarını lazımi dərəcədə güdməməsi bu kimi halların yaşanmasına səbəb olur. Azərbaycanda böyük fransız şirkətinin fəaliyyət göstərdiyi məlumdur. Ancaq Makron bunlardan keçərək yalnız Fransanın daxilindəki auditoriyasını nəzərə alır. Orada isə güclü erməni diasporu fəaliyyət göstərir. Təxminən 600 nəfər erməni əsilli şəxs İkinci Dünya müharibəsindən sonra Fransaya köç edib və orada kök salıb. Bu gün ermənilərin Fransada geniş auditoriyası var. Həmçinin erməni diasporu kifayət qədər media vasitələrinə malikdir. Makron da erməni sahibkarların, erməni media nümayəndələrinin dəstəyini qazanmağa çalışır, ona görə də populist çıxışlar edir, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir”. 

Ekspert Fransanın bəyanatları ilə Avropa İttifaqını pis vəziyyətə saldığını deyib:

“Çünki Avropa İttifaqının Prezidenti Şarl Mişel Cənubi Qafqazda münasibətləri normallaşdırmağa çalışır. Bu istiqamətdə kifayət qədər uğur da qazanmışdı. Amma Makronun təşəbbüsü ilə Praqada forumun keçirilməsi Avropa İttifaqına böyük zərbə vurdu və gələcəkdə də vuracaq. Çünki Avropa İttifaqı sırf iqtisadi yönümlü təşkilatdır”.

Həmsöhbətimiz hesab edir ki, Makron Cənubi Qafqaz proseslərinə müdaxilə etməklə türk dünyasında problem yaratmağa çalışır: 

“Bundan əlavə, Cənubi Qafqazda faktiki olaraq özünə dayaq axtarır, bu dayaq rolunda da Ermənistan çıxış edir. Makronun fəaliyyəti və açıqlaması olduqca qərəzlidir. Ümumiyyətlə, istər 44 günlük müharibə dövründə, istər sonrakı mərhələdə Fransa rəhbərliyi Azərbaycana qarşı çox qərəzli mövqe tutub. Bunu da dövlət başçısı Astanadakı iclasda çıxışı zamanı açıq şəkildə bildirdi. Ümumilikdə baş verənlər fonunda düşünürəm ki, Fransa gələcəkdə Azərbaycan münasibətlərinin nizamlanması prosesində, Azərbaycanla bağlı hər hansı beynəlxalq müzakirədə qətiyyən iştirak edə bilməz, çünki mövqeyi neytral deyil, qərəzlidir. Gərək Azərbaycan Xarici İşlər Nazirliyi Makronun bu açıqlaması ilə bağlı nota təqdim edərdi. Eyni zamanda açıq şəkildə bildirməliydi ki, Fransanın Cənubi Qafqazda təsir vasitələri yoxdur. Ona görə də Azərbaycan ictimaiyyəti başa düşməlidir ki, Fransa rəhbərliyi Azərbaycana qarşı mövqe tutsa belə, Azərbaycana təsir imkanı yoxdur”.

Sayad Həsənli

Share: