Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: “Mənə ünvanı göndər”

Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: “Mənə ünvanı göndər”

“Meta” korporasiyasının rəhbəri Mark Sukerberq “Tesla” və “SpaceX”in baş direktoru, həmçinin “Twitter”in sədri İlon Maskın qaydasız döyüş təklifini qəbul edib.

Bu barədə “The Verge” nəşri məlumat verib.

Nəşrin yazdığına görə, “Meta”nın “Twitter”in analoqunu hazırlaması ilə bağlı sosial şəbəkələrdə çıxan xəbərlərdən dərhal sonra İlon Mask Sukerberqi rinqə, “qəfəs” döyüşünə çağırıb.

“Razı olsa, mən onunla qəfəsdə döyüşməyə hazıram”, – deyə o, “Twitter” hesabında paylaşım edib.

Təxminən bir gün sonra Mark Sukerberq “İnstagram” hesabının “Hekayə” bölümündə etdiyi paylaşımda Maska cavab ünvanlayıb. Sukerberq Maskın yazısı olan skrinşotu dərc edib və “Mənə ünvanı göndər” (“Send Me Location”) deyə şərh verib.

“The Verge” nəşri “Meta”dakı mənbələrə istinadən bildirib ki, Sukerberqin paylaşımı zarafat deyil və kifayət qədər ciddidir.

“Veqas, Oktaqon”, – deyə İlon Mask qısa müddət ərzində “Twitter”də rəqibinə cavab verib. O, Las-Veqasda yerləşən “Octagon MMA” arenasına işarə edib.

Həmçinin Mask bildirib ki, onun məşhur hərəkəti “morj” adlanır. Mask bu zaman sadəcə düşmənin üzərinə uzanır və heç nə etmir.

“The Verge” hesab edir ki, Mask və Sukerberq layiqli rəqiblərdir, onların arasında aşkar favorit yoxdur. Bir tərəfdən, 51 yaşlı Mask rəqibindən iridir və gəncliyində Cənubi Afrikada əsl küçə döyüşlərində iştirak etdiyini deyir. Digər tərəfdən, 39 yaşlı Sukerberq artıq ciu-citsu üzrə turnirlərdə qalib gəlmiş “iddialı MMA döyüşçüsüdür”.

Share: