Masallı Rayon Mərkəzi Xəstəxanasında kütləvi saxtakarlıq olub?

Masallı Rayon Mərkəzi Xəstəxanasında kütləvi saxtakarlıq olub?

Masallı sakinləri Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlunun vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanması ilə bağlı fikir bildiriblər.

Rayon sakini Zahir Əmənov uzun illərdir Masallıda pensiyalarla bağlı kütləvi saxtakarlıqların olduğunu qeyd edib:

“Xüsusi dəllal qrupları var idi. Onların içərisində yüksək vəzifəlilər də var idi”.

Daha ətraflı Baku TV-nin süjetində:

16:18

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Share: