Maşın qiymətləri ilbəil artır. Maşın almaq sevdası isə demək olar tükənmir. 18 yaşı tamam olan əksər insanlar pul yığıb maşın almaq istəyirlər. Bilmirik ki, bu xəbərə sevinməliyik, yoxsa yox. Amma maşın bazarında xəyallarınızı “gerçəkləşdirəcək” şəxslər ortaya çıxıb.
Elan saytlarından birinin üzərində rast gəldiyimiz nömrə ilə əlaqə saxladıq. Deməli telefona cavab verən xanım deyir ki, hazırda əllərində olan yeganə maşın VAZ-21015-dir.
Xanımlar üçün uyğun avtomobil istədiyimizi dedikdə isə bildirildi ki, maşını vətəndaş tapır, onlar isə nəqliyyat vasitəsini kredit şərtlərinə uyğunlaşdırırıq:
“Bizdə avtomobil olmur, daha çox müştərilər maşın tapır. Avtomobilin dəyərinin 3-5 min manata qədər əskik olan hissəsi varsa, biz ona köməklik edirik. Daha sonra məbləğdən asılı olaraq, 30 faizdən başlayan kredit şərti ilə pulu geri alırıq. Rəsmi sənəd olmadan tərəflər arasında razılaşma əsasında həll olunur. Əsas odur ki, şəxsiyyət və sürücülük vəsiqələriniz olsun. Sizinlə müqavilə bağlayırıq”.
Xanım deyir ki, ödəniləcək məbləğ gecikdikdə isə bunun üzərinə əlavə faizlər gəlir.
“Müqavilədə də qeyd olunur ki, təxminən bir ay gecikmə nəzərə alına bilər”.
Vətəndaşlar arasında bu xidmətlərdən istifadə edənlər də az deyil. Lakin bu xidmətlərin nə qədər etibarlı olduğunu heç kim deyə bilməz.
Digər məqam isə bu xidmətlərin “qara bazar” formasında fəaliyyət göstərməsidir.
Hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu kimi məqamda hər iki tərəfin məsuliyyəti var:
“Həm “kredit” verən şəxsin cinayət məsuliyyəti, həm də maşını “əlbəəl kreditlə” almaq istəyən şəxsin mülki məsuliyyəti var. Onu da qeyd edim ki, bu gün maşın bazarındakı bu vəziyyətlə qarşılaşan insanlar var ki, mənə müraciət ediblər. Bənzər problemlərlə qarşı-qarşıya qalıblar.
Maşın almaq istəyən şəxs və onun aldığı risklərdən danışaq. Vətəndaş hansısa avtomobili bəyənir, əlində olan vəsait onu almağa kifayət etmir. Avtomobilin isə hər hansı bank tərəfindən kreditləşməsi, lizinqi həyata keçirilmir deyə, insanlar maşın bazarındakı “əlbəəl kredit” verən şəxslərə” üz tutmaq məcburiyyətində qalırlar. Nəticədə isə təxminən 10 min manatlıq avtomobili real qiymətlərindən çox baha, yəni 14, hətta 15 min manata alırlar”.
Bəs sənədləşmə hansı qaydalara əsaslanmalıdır?
Hüquqşünas bu suala cavab olaraq bildirib ki, tərəflərdən biri fiziki şəxsdirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə və “Notariat hərəkətləri” haqqında təlimatın müvafiq bəndlərinə əsasən aparılır:
“Belə olan halda mütləq qaydada tərəflər arasında notarial müqavilə bağlanılmalıdır. Bu münasibətlər mütləq notarial qaydada rəsmiləşdirilməlidir. Bu rəsmiləşmədən sonra dövlət büdcəsinə rüsum ödənilməli, kreditin şərtləri bəyan edilməlidir və s.
Ancaq avtomobil bazarında rastlaşdığımız mənzərədə maliyyələşməni həyata keçirən şəxs maşını icarə müqaviləsi ilə almaq istəyən şəxsə təqdim edir və ona aylıq sürmək üçün etibarnamə verir. Şərtlər tərəflər arasında təyin edilir və notarial qaydada təsdiq olunmur. Bu sənədin heç bir hüquqi qüvvəsi olmur. Gələcəkdə bu “sənədlə” çox rahat şəkildə alıcıları aldatmaq mümkündür. Əgər tərəflər arasında ödənişin gecikməsi və ya ödənilmiş məbləğin geri qaytarılması barədə hər hansı bir mübahisə olduqda kredit verən şəxs maşını “icarə müqaviləsi”, hamının anladığı şəkildə desək “arenda”ya verdiyini deyərək məsələni öz xeyrinə yekunlaşdıra bilər. Bu halda sadəcə aylıq icarə ödənilməsi əsas gətirilərək alıcıya heç bir ödəniş geri qaytarılmır. Tərəflər arasında bağlanmış və notarius tərəfindən təsdiqlənməmiş “icarə müqavilə”lərində avtomobilin yekunda qarşı tərəfdə qalacağına dair bənd olmadığı məlum olub. Belə olan halda vətəndaşlar real risk qarşısındadırlar. Notarial qaydada təsdiq olunmayan sənədin hüquqi qüvvəsi yoxdur və vətəndaş sabah həm qəpik-qəpik yığdığı və min zülmlə ödədiyi aylıq məbləğləri itirir, həm də məhkəmədə də heç nə tələb edə bilmir. Qarşı tərəf isə çox rahat şəkildə öz adına olan avtomobili həmin vətəndaşa “icarə müqaviləsi” ilə verdiyini deyərək məsuliyyətdən yayına bilir və avtomobilini geri ala bilir. Vətəndaş ödənişi gecikdirdiyində isə icarə müqaviləsi ləğv edilir, həm maşın, həm də həmin günə qədər ödənilən vəsait də batır”.
R.Süleymanov vətəndaşları bu cür şəxslərdən uzaq durmağa səsləyib.
Hüquqşünas bu cür xidmət göstərən “şəxslər”in əməllərində Cinayət Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması faktlarının olduğunu deyib:
“Belə olan halda kreditləşməni həyata keçirən şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197-ci maddəsinin (“Qanunsuz sahibkarlıq”) tərkibi mövcuddur. “Əlbəəl kredit” verən vətəndaşlar bilməlidirlər ki, kreditləşmə fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından müvafiq lisenziyası alınmalıdır. Eyni zamanda gəlirli sahə olduğu üçün şəxs mütləq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Dövlətə göstərdiyi fəaliyyət vergi ödəməlidir. Vergidən yayındıqları üçün də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) uyğun cinayət məsuliyyəti yaranır”.
Hüquqşünas bənzər problemlərin aradan qaldırılması üçün bir sıra təkliflərin də irəli sürülməli olduğunun vacibliyinə diqqət çəkib:
“Qara bazarda olan bu şəxs və ya şəxslərdən uzaq durmaq lazımdır. Bunun üçün qanunvericilikdə müvafiq istiqamətlərdə sadələşdirmələr aparılmalıdır. Tərəflər arasında olan münasibətlər, eyni zamanda bu sahəni tənzimləyən qanunlar da sadələşdirilməlidir. Mütləq qaydada bank kreditləri bu sahəyə ayrılmalı və vətəndaşların ödəmə imkanları qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, şəxsin qanunsuz sahibkarlıqla məşğul olduğu istintaq orqanları tərəfindən təsdiqlənərsə, həmin şəxs əldə etdiyi gəlirin 2 mislindən 3 mislinə qədər cərimə ödəyir və ya 6 aya qədər azadlıqdan məhrum edilə bilər. Qara bazarda bu gün bu tip şəxslərin mütəşəkkil dəstə kimi fəaliyyət göstərdiklərini nəzərə alsaq, həmin dəstənin üzvlərini 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
CM-nin 213-cü maddəsinin tələblərinin pozulmasına görə isə şəxsi yayındığı vergilərin nəticəsinə vurulmuş zərərin 2 mislindən 3 mislinə qədər cərimə, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu mütəşəkkil dəstə tərəfindən həyata keçirilərsə, 5 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəza tətbiq oluna bilər”.
Könül Cəfərli