Media nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası

Media nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Report”un xəbərinə görə, tədbir çərçivəsində jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 480 hektara yaxın ərazidə ağac əkilib:

“Bu gün ümumilikdə 3 000 ağac əkilib”.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri bu aksiyada böyük həvəslə iştirak edirlər:

Əhməd İsmayılov

“Bildiyiniz kimi Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olub”.

Qurum sədri bildirib ki, 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi ümummilli liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub:

“Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri ulu öndərimizi həmişə qədirbilənliklə anacaqlar”.

Umayra Tağıyeva

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, Müşfiqabadda bu vaxta qədər 480 hektara qədər ərazi yaşıllaşdırılıb:

“Müşfiqabadda bu ərazi müasir suvarma sistemi ilə təchiz olunub. Ərazidə formalaşan tullantı sularının təmizlənməsi prosesi həyata keçirilir və ağacların suvarılmasında istifadə olunur”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər “Report”a açıqlamasında diqqətə çatdırıb ki, müasir dünyada ekoloji problemlər kəskinləşib və ətraf mühitin qorunması zərurəti maksimum artıb: “Hər kəs bu məsələnin aktuallığının fərqindədir. Ancaq təbii ki, problem bununla öz həllini tapmır. Ətraf mühitin mühafizəsi üçün konkret işlər görmək lazımdır və bu məsələdə hamı bacardığını etməlidir. “Bizim əlimizdən nə gəlir”, – deyə yaxamızı kənara çəkmək vəziyyətdən çıxış yolu deyil”.

Qeyd edək ki, ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Xatırladaq ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Share: