Azərbaycan Təbabəti Muzeyi ölkəmizin səhiyyə tarixi ilə bağlı ətraflı məlumat verən unikal məkandır. Respublikamızda yeganə olan tibb muzeyinə səfər edən ziyarətçilər səhiyyə tariximizi, habelə Azərbaycan alimlərinin dünya tibb elmindəki uğurlarını əks etdirən nadir eksponatlarla tanış ola bilirlər. Muzey Səhiyyə Nazirliyinin 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılıb və 1986-cı ildən fəaliyyət göstərir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Həmin məqaləni təqdim edirik:
Nəriman Nərimanovun çalışdığı bina
Xətai rayonunda qədim, ikimərtəbəli tarixi binada yerləşən muzeyin adı az hallansa da, təbliğatı çox olmasa da, yerləşdiyi binanın memarlıq əhəmiyyəti qədər məlumatlığı da, eksponatlarının dəyəri də ölçüyəgəlməzdir. Muzeyin giriş qapısına Nəriman Nərimanovun barelyefi vurulub. 1914-1917-ci illərdə doktor bu binadakı əczaxanasında xəstələri müalicə edib. Elə muzeyin ən maraqlı guşələrindən biri Nəriman Nərimanova həsr olunub. Burada görkəmli ictimai xadimin tibbi məqalələri, şəxsi əşyaları, oğlu Nəcəfə məktubu nümayiş etdirilir. Muzeyin girişində qədim yunan mifologiyasına görə sağlamlıq Allahı hesab edilən Asklepi və onun qızları Gigieya və Panatseyanın nəhəng barelyefləri ilə qarşılaşırsan. Muzey ekspozisiyası 9 otaqdan ibarətdir.
İlk azərbaycanlı həkimlər
Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən olan Əbu Əli İbn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən “Həkim elminin qanunu” əsərinin 1143-cü ilə aid əlyazmasının fotosurəti nümayiş etdirilir. Əlyazmanın əsli AMEA-nın Əlyazmalar Fondunda saxlanılır. Bu zalda həmçinin Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrdə əks olunub. İkinci zal orta əsr cərrahlıq alətləri, XIII-XIX əsr həkimlərinin ayrı-ayrı tibbi traktatlarının surəti ilə diqqət çəkir. Burada həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunur. XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Abdul Xalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, Bəhram Axundovun, Kərimbəy Mehmandarovun, İbrahim Rəhimovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir. Zalda böyük alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca guşə həsr olunub.
Xalq Cümhuriyyəti dövründə təbabət
Muzeydə Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova və Azərbaycanda pediatriyanın əsasını qoymuş tibb elmləri doktoru Yevsey Gindesə ayrıca guşə həsr olunub. Vəba xəstəliyinin geniş yayıldığı 1914-1917-ci illərdə indiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba baraklarına, xəstənin təcili yardım karetası ilə oraya hospitalizasiya edilməsinə həsr olunan maket də maraq doğurur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təbabətimiz haqda materiallar 4-cü zalda sərgilənir. 1919-cu ildə yaradılmış Bakı Universitetinin ilk binası, onun ilk rektorları, cərrah Vasili Razumovski və nevropatoloq Sergey Davidenko, Tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti barədə ətraflı məlumatlar öz əksini tapıb.
Müharibə eksponatları
Beşinci və altıncı zalda ikinci dünya müharibəsinə qədər olan dövrdə sovet Azərbaycanında səhiyyənin təşkili, Qırmızı Aypara Cəmiyyətinin fəaliyyətini əks etdirən eksponatlar yer alıb. Müharibə vaxtı böyük fədakarlıq göstərmiş həkimlərin minlərlə yaralı əsgər və zabiti ölümün pəncəsindən qurtardıqları anları əbədilşdirən eksponatlar maraq doğurur. Müharibədən sonrakı təbabətimizi əks etdirən eksponatlar da az deyil. Belə ki, 7-ci zalda Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı adı almış həkimlərə ayrıca guşə həsr edilib. Zalda həmçinin görkəmli ictimai xadim Əziz Əliyevə xüsusi stend həsr olunub və büstü qoyulub. Muzeydə Qarabağ müharibəsində həlak olan həkimlərimizə aid eksponatlar da yer alıb.
Heydər Əliyev-Zərifə Əliyeva guşəsi
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması naminə fəaliyyətini əks etdirən növbəti zaldakı eksponatlar da ziyarətçilərin marağına səbəb olur. Burada ulu öndər Heydər Əliyevin müxtəlif konfranslarda iştirakını, tibb işçiləri ilə görüşlərini əks etdirən fotolar nümayiş etdirilir. Azərbaycanda oftalmologiyanın inkişafında əvəzsiz xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə dair sənədlər və şəkillər də bu zalda sərgilənir.
Müasir səhiyyəmizin əksi
Muzeyin sonuncu zalında Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edən eksponatlar yer alıb. Yeni tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin görüntüləri, səhiyyə sahəsindəki fəaliyyətin təzahürü olan fotolar da stendlərdə nümayiş olunur. Ekspozisiya 1918-ci ildən bu günümüzə qədər Azərbaycanın səhiyyə naziri olmuş şəxslər haqqında məlumatla yekunlaşır.
Muzeyin direktoru Sevinc Manıyeva bildirdi ki, Tibb Universitetinin tələbələri, şəhər sakinləri, xarici qonaqlar muzeyi ziyarət edirlər. Muzeyə giriş pulsuzdur. Tibb sahəsi ilə bağlı tədqiqat aparanlar muzeyin fondundan istifadə edirlər:
“Fondda 15 mindən çox material qorunur ki, bunlar, əsasən, şəxsi kitablar, əşyalardan ibarətdir. Muzeydə görkəmli tibb alimlərinin yubileyləri qeyd edilir, səyyar sərgilər təşkil olunur. Xocalı həkimlərinin əlyazmasından tutmuş, Mustafa Topçubaşovun üz maskasına qədər diqqət çəkən eksponatlar var. Elə sənədlər var ki, heç Milli Arxivdə də yoxdur. Elə bir tədqiqatçı yoxdur ki, bizə müraciət edib əliboş qayıtsın. Bu muzey tibb tariximizə aid sənədlərin qorunduğu yeganə yerdir”.
Muzeyin təbliği isə zəifdir. Müasir muzey standartlarına cavab verməsi, yerli və xarici turistlərin bu ünvanı daha yaxşı tanıması üçün muzeydə çox işlərin görülməsinə ehtiyac var…