“Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüş prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intensivləşdirilməsi baxımından uğurlu hesab etmək olar”.
“Report”un məlumatına görə, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, önəmli olan məqamlardan biri və bəlkə də, birincisi, bir ay müddətində hər iki ölkənin xarici işlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunmasıdır:
“Brüsseldə keçirilən üçüncü görüşdən sonra Ermənistanın sülh sazişindən yayınmaq, eləcə də “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddialarını əsaslandırmaq üçün sərgilədiyi davranışları, Cənubi Qafqazı yenidən maraqlarının poliqonuna çevirmək istəyən və bu məqsədlə sülh prosesinə zərbə vurmağa çalışan regional və regiondankənar aktorların çoxsaylı pozucu cəhdlərini də nəzərə alsaq, dördüncü görüşün gözləntiləri üstələdiyini söyləyə bilərik.
Bu xüsusda, separatçı-terrorçu qrupların, qanunsuz hərbi birləşmələrin təxribatları qarşılığında həyata keçirilən “Qisas” əməliyyatının doğurduğu nəticələri, artıq tarixə çevrilmiş Laçın dəhlizi ətrafında həm Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində, həm Ermənistanın daxilində, həm də regional və subregional müstəvidə yaradılan ajiotajı, bölgə üçün həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ilə bağlı qıcıqlandırıcı manevrləri, ATƏT-in ömrünü başa vurmuş Minsk qrupunun “dirildilməsi” cəhdlərini diqqətdən qaçırmamağın vacib olduğunu düşünürəm.
Çünki sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların “0” nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün bu cəhdlər məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğrayıb və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaradıb”.
Ekspert vurğulayıb ki, məlum olduğu kimi, ikitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə nə Qarabağ, nə də ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı bir məqam var:
“Yəni mahiyyət etibarilə, Minsk qrupu formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, Qarabağ mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü beş təməl prinsip üzərindən inkişaf etdirilir.
Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, mövcud atmosferin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidentinin səylərini də yüksək qiymətləndirmək lazımdır”.