Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Khazar” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib və avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobildə həyati təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürənlər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1999-cu il təvəllüdlü R.Allahverdiyev və sərnişin 2000-ci il təvəllüdlü K.Allahverdiyev xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər, eyni zamanda avtomobilin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.