Naxçıvandan Türkiyəyə qardaş dəstəyinə şəhid ailələri də qoşulub

Naxçıvandan Türkiyəyə qardaş dəstəyinə şəhid ailələri də qoşulub

Naxçıvandan Türkiyəyə qardaş dəstəyinə şəhid ailələri də qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, şəhid ailələri bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, baş konsul Asip Kaya ilə görüşüblər.

Görüşdə əvvəlcə şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, zəlzələdən sonra yardım məqsədilə diplomatik nümayəndəliyə xeyli sayda sakin üz tutub. Naxçıvan sakinlərinin, iş adamlarının, müxtəlif qurumların təşəbbüsü ilə bu müddətdə 14 milyon manatdan artıq dəyərində ən zəruri ehtiyaclardan ibarət humanitar yardım yığılaraq Türkiyəyə göndərilib.

Asip Kaya böyük dəstəyə görə qardaş Azərbaycan xalqına, o cümlədən kədərlərini bölüşməyə gələn bütün şəhid ailələrinə təşəkkürünü bildirib.

Zəlzələ baş verdiyi gündən başlayaraq Naxçıvan ictimaiyyəti maddi və mənəvi dəstəyini əsirgəməyib. Şəhid ailələri də bu yardıma qoşularaq 10 ton “Badamlı” süfrə suyunu qardaş ölkəyə göndərib.

Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova isə şəhid ailəsi üçün ayrılan bir aylıq təqaüdünü – 600 manatı Türkiyədə zərərçəkənlərə bağışlayıb.

Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhidlərin xatirəsinə həsr edilmiş kitabları Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayaya təqdim edib.

Çıxış edənlər zəlzələ nəticəsində on minlərlə insan tələfatına görə başsağlığı verib, yaralılara şəfa diləyiblər.

Sonda Türkiyədə həyatını itirənlərin ruhuna dualar oxunub, Baş konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə gül dəstələri qoyulub. Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova matəm kitabına ürək sözlərini yazıb.

Share: