“Hazırda “Omikron XBB. 1.5” ştammının Azərbaycanda yayılmasının təsdiqi yoxdur”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesablarına respirator viruslarla bağlı gələn sualları cavablandırarkən deyib.
– Təyyar müəllim, bildiyiniz kimi, dünyanın təxminən 30 ölkəsində koronavirusun yeni ştammı “Omicron XBB.1.5” yayılıb…
– Koronavirus (COVID-19) pandemiyası artıq 3 ilə yaxındır ki, davam edir. Son vaxtlar dünyanın əksər ölkələrində yeni yoluxma və ölüm hallarının azalması müşahidə edilməsinə baxmayaraq, beynəlxalq ekspertlər hələ də təhlükənin tam aradan qalxmadığı qənaətindədirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, virus durmadan mutasiya edərək dəyişir, yəni əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir.
Epidemioloji qanunlara görə, virusun yeni variantı həyat qabiliyyətlidir. Eyni zamanda, virusun yayılma sürətinin artması ilə yanaşı onun patogenliyi azalmış olur. Bunu “Omikron” ştammının timsalında müşahidə edirik. Lakin yaddan çıxarmaq olmaz ki, istisnalar da mümkündür və vaxtilə dominant olmuş Delta ştammı buna sübutdur. Pandemiyanın son bir ilində “Omikron” ştammı peyda oldu və virusun bu variantı qeyd etdiyimiz qanunauyğunluğa müvafiq olaraq daha sürətli yayılaraq, qısa müddət ərzində çoxsaylı insanın yoluxaraq xəstələnməsinə və beləliklə kütlə immunitetinin formalaşmasına səbəb oldu.
Qeyd olunduğu kimi, artıq 30-ya yaxın ölkədə məhz “Omikron XBB. 1.5” alttip yayılmaqdadır. Yeni yarandığı üçün hələlik bu ştamm haqqında bilgilər məhduddur. Qeyd olunur ki, “Omikron”un digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik.
– Bəs ölkəmizdə bu ştamla əlaqədar vəziyyət necədir?
– Hazırda “Omikron XBB. 1.5” ştammının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur.
– Son günlər bəzi vətəndaşlar baş ağrısı, yüksək hərarət, öskürəklə bağlı şikayətlər edirlər. Bu virus əlamətidirmi? Qabaqlayıcı tədbir kimi nə məsləhət görərdiniz?
– Son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir. Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır.
Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damcı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyaların da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümü infeksiyalara yoluxma hallarının artması gözlənilən idi.
Son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz.
– Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?
– Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir. Həmçinin, otaqların tez-tez havalandırılması və xəstə ilə, ələlxüsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləri olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, gecikmədən həkimə müraciət edilməsi zəruridir.
– Bəs hansı əlamətləri insanlar özlərində hiss etdikləri zaman həkimə müraciət etməlidirlər?
– Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştaha yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür.
Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayiət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Bu əlamətlər xəstəliyin ağır gedişini və müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərir. Risk qruplarına daxil olan şəxslər isə qeyd edildiyi kimi baş verə biləcək hansısa bir ağırlaşmanın vaxtında aşkar olunması və müalicəsi məqsədilə xəstəliyin ilk günündən etibarən ciddi həkim nəzarəti altında olmalıdırlar.
Hər birimiz qeyd olunan tövsiyələrə əməl etməklə özümüzü və yaxınlarımızı bu xəstəliklərdən, onların əlverişsiz gedişatından sığortalaya bilərik.